Azərbaycanda gəmilər necə yoxlanacaq? – Əsasnamə
08 aprel 2013 10:56 (UTC +04:00)

Azərbaycanda gəmilər necə yoxlanacaq? – Əsasnamə

 

Nazirlər Kabineti “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”ni təsdiqləyib.

 

Lent.az-ın verdiyi məlumata görə, Əsasnamə dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalara, Azərbaycan Respublikasının müvafiq sahədəki qanunvericiliyinə, eləcə də Beynəlxalq Dəniz Təşkilatının qətnamələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında kiçikhəcmli, hərbi və hərbi-yardımçı gəmilər istisna olmaqla, gəmilərin (nəzarət yoxlamasının həyata keçirilməsi qaydasını müəyyən edir.

Gəmilərin nəzarət yoxlaması Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilir. Gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərə dair tələblər aşağıdakılardır:

- gəmi komandir heyətinin tərkibində işləmək üçün müvafiq ixtisasa və sertifikata (diploma) malik olmalı;

- ixtisas üzrə ən azı 3 (üç) il əmək stajı olmalı;

- Azərbaycan və ingilis dillərində sərbəst danışa bilməli;

- gəmilərin nəzarət yoxlaması üzrə hazırlıq kursunu müvəffəqiyyətlə bitirməyə dair müvafiq sənədi olmalı;

- etik davranış bacarığı olmalı;

- gəmilərin istismarı ilə bağlı kommersiya maraqları olmamalıdır.

Müfəttişlər onların gəmilərin nəzarət yoxlamasını həyata keçirmək səlahiyyətlərinə malik olmalarını təsdiq edən xidməti vəsiqəyə malikdirlər.  Gəmilərin nəzarət yoxlaması ilkin və geniş nəzarət yoxlaması olmaqla, 2 (iki) növə bölünür. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin, habelə Azərbaycan Respublikasının dəniz limanlarına daxil olan xarici dövlətlərin bayraqları altında üzən gəmilərin ortaillik sayının ən azı 25 (iyirmi beş) faizi nəzarət yoxlamasından keçirilməlidir. Gəmilərdə nəzarət yoxlamaları hər 6 (altı) aydan bir həyata keçirilir. Aşağıdakı hallarda qeyd edilən müddət nəzərə alınmadan gəmilərin nəzarət yoxlaması həyata keçirilir:

- gəmi Azərbaycan Respublikasının limanlarına ilk dəfə səfər etdikdə və ya Azərbaycan Respublikasının dəniz limanlarına sonuncu səfər tarixindən 12 (on iki) aydan artıq müddət keçdikdə;

- gəminin bayrağı altında üzdüyü dövlət və ya gəmi sahibi liman nəzarəti üzrə ixtisaslaşmış beynəlxalq qurumların "Qara siyahı"sında olduqda;

- əvvəlki yoxlamalar zamanı gəminin və heyət üzvlərinin dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalar və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə və standartlara uyğunsuzluğu (bundan sonra - uyğunsuzluq) aşkar edildikdə, onların aradan qaldırılmasına dair müddət müəyyən edilməklə, səfərə çıxmasına icazə verilmiş gəmilər dəniz limanına daxil olduqda;

- dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ya ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqların mövcudluğuna dair məlumatlar olduqda;

- gəminin bortunda olan təhlükəli yüklər barədə səlahiyyətli orqanlara  tam məlumat verilmədikdə;

- son 6 (altı) ay müddətində təsnifat cəmiyyəti tərəfindən gəminin təsnifatı dayandırıldıqda;

- gəmi təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 10 (on) ildən artıq müddət keçmiş qaz və kimyəvi maddələr daşıyan tanker, 12 (on iki) ildən artıq müddət keçmiş balker yük gəmisi, 15 (on beş) ildən artıq müddət keçmiş sərnişin gəmisi, eləcə də ümumi tonnajı 3000 (üç min) tondan artıq olan və təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 15 (on beş) ildən artıq müddət keçmiş neft tankeri olduqda.

Gəmilərin nəzarət yoxlaması planlı və növbədənkənar qaydada, yəni  hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda aparılır. Müfəttiş daxil olmuş məlumatın mənbəyini açıqlamamaq hüququna malikdir.

Gəmilərdə nəzarət yoxlamalarının planlaşdırılması aşağıdakı meyarlar əsasında həyata keçirilir:

- gəminin bayrağı;

- gəminin yaşı;

- gəminin tipi;

- gəminin sahibi və ya operatoru;

-gəminin təsnifat cəmiyyəti.

Gəmilərin nəzarət yoxlamasının aparılması ticarət gəmiçiliyinin həyata keçirilməsinə mane olmamalıdır. İl ərzində aparılmış yoxlamalar nəticəsində uyğunsuzluqlar səbəbindən səfərə çıxmasına icazə verilməyən (saxlanılan) gəmilər və onların sahibləri barədə məlumatlar, eləcə də həmin gəmilərin bayraq dövlətlərinin adları Administrasiyanın Gəmilərin Nəzarət Yoxlaması üzrə Məlumat Bazasına daxil edilir.

  

Gəminin ilkin nəzarət yoxlaması gəminin ümumi texniki vəziyyətinin (maşın şöbəsi, yaşayış bölməsi, məişət və gigiyena şəraiti və s.) və gəminin heyət üzvlərinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə gəminin tipindən, üzmə rayonundan və ümumi tutumundan asılı olaraq, aşağıdakı sənədlərin mövcudluğunun müəyyən edilməsindən ibarətdir:

- Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə;         

-gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə;

- təsnifat şəhadətnaməsi;

- gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında şəhadətnamə;      

- yük gəmisinin quruluşu üzrə təhlükəsizliyi haqqında şəhadətnamə;

- yük gəmisinin avadanlıq üzrə təhlükəsizliyi haqqında şəhadətnamə;      

-. yük gəmisinin radio avadanlığı üzrə təhlükəsizliyi haqqında şəhadətnamə;      

-yük gəmisinin təhlükəsizliyi haqqında şəhadətnamə;       

- uyğunluq haqqında şəhadətnamə;

- əmniyyətli idarəetmə haqqında şəhadətnamə;

- neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

- yük nişanı haqqında şəhadətnamə;

- çirkab sularla çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

- gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və radiojurnal;

- ölçü şəhadətnaməsi;

- gəminin mühafizəsi haqqında beynəlxalq şəhadətnamə;

- gəmi tarixinin fasiləsiz qeydlər sənədi;

- sərnişin gəmisinin təhlükəsizliyi haqqında şəhadətnamə;

- dənli yüklərin daşınmasına icazə haqqında sənəd;

-  neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin sığorta və ya digər maliyyə təminatı haqqında şəhadətnamə;

-  maye halında olan zərərli maddələrin tökmə üsulu ilə daşınması üçün çirkləndirmənin qarşısının alınması haqqında beynəlxalq şəhadətnamə;

- təhlükəli kimyəvi maddələrin tökmə üsulu ilə daşınması üçün yararlılıq haqqında şəhadətnamə;

-gəminin sanitar şəhadətnaməsi;

-. maye qazların tökmə üsulu ilə daşınması  üçün yararlılıq haqqında şəhadətnamə;

- yüksəksürətli gəmilərin təhlükəsizliyi haqqında şəhadətnamə;

-. təhlükəli yüklər daşıyan gəmi üçün xüsusi tələblərə uyğunluq haqqında sənəd;

- xüsusi təyinatlı gəmilərin təhlükəsizliyi haqqında şəhadətnamə;        

- şüalanmış maye nüvə yanacağı yükünü daşımaq üçün yararlılıq  haqqında şəhadətnamə;

- nüvə gəmisinin təhlükəsizliyi haqqında şəhadətnamə;

- dəniz təchizat gəmiləri üçün yararlılıq haqqında şəhadətnamə;

- dalğıc sisteminin təhlükəsizliyi haqqında şəhadətnamə;

- dinamik təchiz edilmiş gəminin quruluşu və avadanlığı  haqqında şəhadətnamə;

- özühərəkətedən səyyar üzən qazma qurğusunun təhlükəsizliyi haqqında şəhadətnamə;

-. bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat;

- Azərbaycan Respublikasının qanunvericiliyində, tərəfdar çıxdığı beynəlxalq konvensiyalarda, eləcə də Beynəlxalq Dəniz Təşkilatının qətnamələrində nəzərdə tutulan digər sənədlər.

Gəminin ilkin nəzarət yoxlamasının nəticələri nümunəvi forması Administrasiya tərəfindən təsdiq edilən akt (forma A) ilə rəsmiləşdirilir. Tərtib olunmuş aktın bir nüsxəsi gəmi kapitanına, digər nüsxəsi isə dəniz limanı kapitanına və gəmi sahibinə təqdim edilir.Bu Əsasnamədə göstərilən akt əsasında yoxlamanı aparan müfəttiş tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir:

- gəminin səfərə çıxmasına icazə verilməsi barədə;

-  gəmidə geniş nəzarət yoxlamasının aparılması barədə.

 

Gəminin geniş nəzarət yoxlaması gəminin real vəziyyətinin müəyyən olunması məqsədi ilə gəmi quruluşunun, onun avadanlığının, gəminin heyətlə komplektləşdirilməsinin, heyətin iş və məişət şəraitinin, gəminin istismar vəziyyətinin hərtərəfli yoxlamasından ibarətdir. Gəminin ilkin nəzarət yoxlaması zamanı onun ümumi texniki vəziyyətinin (maşın şöbəsi, yaşayış bölməsi, məişət və gigiyena şəraiti və s.) və heyət üzvlərinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə uyğun olmadığı müəyyən edildikdə və ya bununla bağlı şübhə və əsaslar olduqda, gəminin geniş nəzarət yoxlaması həyata keçirilir. Gəminin geniş nəzarət yoxlaması zamanı gəminin tipindən, üzmə rayonundan və ümumi tutumundan asılı olaraq aşağıdakılar yoxlanıl-malıdır:

- heyətin minimum tərkibi;

- heyət üzvlərinin istirahət vaxtlarının təmin edilməsi;

- heyət üzvlərinin minimum yaş həddi;

- heyət üzvlərinin sənədləri (ixtisas şəhadətnamələri (diplomlar), xüsusi hazırlıq  sertifikatları, tibbi şəhadətnamələri, onların əsli və etibarlılıq müddəti);

- yük avadanlığının vəziyyəti;

- naviqasiya avadanlığı;

- dəniz xəritələri və Beynəlxalq Dəniz Təşkilatının tələblərinə əsasən gəmidə olması nəzərdə tutulan ədəbiyyat;

-gəmidə növbə çəkmənin təşkili;

- kapitan körpüsündən görməni məhdudlaşdıran amillərin mövcudluğu;

5.3.10. gəminin sükan qurğusunun yoxlanmasına dair qeydlər;

- rabitə qovşağı və avadanlığı;

- ehtiyat enerji elementləri (batareyalar);

- yanğından mühafizə sistemləri və avadanlıqları;

- xilasedici qayıqlar və sallar;

- fərdi xilasedici vasitələr;

- qəza çıxışları;

- suyaenmə vasitələri;

- gəmidə baş vermiş fövqəladə hallarda insanların toplanması üçün müəyyən edilmiş xüsusi yerlər;

- gəmidə baş vermiş fövqəladə hallarda davranış üzrə təlimlərin keçirilməsinə dair qeydlər;

- qəza planlarının və təlimatlarının mövcudluğu;

- əsas və yardımçı mühərriklər;

- boru xətləri, nasoslar və klapanlar;

- elektrik generatorları;

- qəza generatorları;

- kabel xətləri;

- işıqlandırma sistemləri;

- havalandırma sistemləri;

- qidanın və içməli suyun keyfiyyəti və miqdarı;

- tibbi ləvazimatlar;

- ərzaq anbarları, mətbəx, soyuducular və yeməkxana;

- sanitariya şəraiti;

- neftlə çirklənməyə qarşı gəminin fövqəladə mübarizə planı;

- zibil əməliyyatları planı;

- separatorlar və onların avadanlıqları;

-  “Əmniyyətli İdarəetmə üzrə Beynəlxalq Məcəllə”də nəzərdə tutulan sənədlər;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalarda və Beynəlxalq Dəniz Təşkilatının qətnamələrində nəzərdə tutulan digər tələblər.

Gəminin geniş nəzarət yoxlamasının nəticələri nümunəvi forması Administrasiya tərəfindən təsdiq edilən akt (forma B) ilə rəsmiləşdirilir. Tərtib olunmuş aktın bir nüsxəsi gəmi kapitanına, digər nüsxəsi isə dəniz limanı kapitanına və gəmi sahibinə  təqdim edilir. Gəminin geniş nəzarət yoxlaması zamanı uyğunsuzluqlar aşkar edildikdə, nümunəvi forması Administrasiya tərəfindən təsdiq edilən akt (forma B) tərtib olunur və aktın nüsxələri gəmi kapitanına, dəniz limanı kapitanına və gəmi sahibinə təqdim edilir.  Bu Əsasnamədə göstərilən akt əsasında müfəttiş tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir:

- aşkar edilmiş uyğunsuzluqlar gəmi limanı tərk etməzdən əvvəl aradan qaldırılsın;

- aşkar edilmiş uyğunsuzluqların növbəti limanda aradan qaldırılmasına icazə verilsin (bu halda növbəti liman müvafiq qaydada məlumatlandırılmalıdır);

-aşkar edilmiş uyğunsuzluqlar 14 (on dörd) gün müddətində aradan qaldırılsın;

- aşkar edilmiş uyğunsuzluqlar 3 (üç) ay müddətində  aradan qaldırılsın.

Aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra gəmi kapitanının məlumatı əsasında gəmidə təkrar nəzarət yoxlaması həyata keçirilir və uyğunsuzluqların aradan qaldırıldığı müəyyən edildikdə, onların göstərildiyi aktda (forma B) bu barədə müvafiq qeydlər aparılır və gəminin səfərə çıxmasına icazə verilməsi məqsədi ilə dəniz limanı kapitanına məlumat verilir. Bu Əsasnamədə göstərilən aktların tərtib olunması zamanı gəmilərin nəzarət yoxlaması üzrə beynəlxalq təcrübədə istifadə edilən və Administrasiya tərəfindən təsdiq olunan kod və ifadələrdən istifadə edilir. Qeyd edilən kod və ifadələr ingilis dilində olmalıdır.

 

Gəminin nəzarət yoxlamasını həyata keçirən müfəttiş tərəfindən gəmidə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ya ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlar aşkar edildikdə, gəminin səfərə çıxmasına icazə verilmir (gəmi saxlanılır). Bu uyğunsuzluqlara gəminin tipindən, üzmə rayonundan və ümumi tutumundan asılı olaraq aşağıdakılar daxildir:

- baş mühərriklərdə, elektrik avadanlıqlarında, nasos və sükan sistemlərində nasazlıqların olması;

- maşın bölməsində natəmizlik, döşəməaltı suların həddindən çox olması və boru xətlərinin izolyasiyasının yağa batması;

- xilasedici vasitələrin yoxluğu (kifayət qədər olmaması və ya qeyri-qənaətbəxş vəziyyətdə olması);

- yanğınla mübarizə və havalandırma avadanlıqlarının yoxluğu (kifayət qədər olmaması və ya qeyri-qənaətbəxş vəziyyətdə olması);

- naviqasiya işıqlarının, işarələrinin və səs siqnalları avadanlığının yoxluğu (kifayət qədər olmaması və ya qeyri-qənaətbəxş vəziyyətdə olması);

- naviqasiya sisteminin və avadanlıqlarının  olmaması və ya nasaz vəziyyətdə olması;

- naviqasiya xəritələrinin və müvafiq ədəbiyyatın olmaması;

- rabitə avadanlıqlarının olmaması və ya nasaz vəziyyətdə olması;

- gəminin səfərə çıxması üçün minimum heyətin olmaması;

- heyət üzvlərinin qeyri-peşəkarlığını təsdiq edən halların aşkar edilməsi;

- gəminin göyərtəsində və gövdəsində zədələrin və ya korroziyanın olması;

- gəminin tarazlığının pozulması hallarının aşkar edilməsi;

- gəmi tarazlığına dair hesabatların olmaması;

- gəminin su, qaz və buxar keçirməyən arakəsmələrinin olmaması və ya nasaz vəziyyətdə olması;

- gəminin müəyyən olunmuş həddən artıq yüklənilməsi;

- yük nişanlarının olmaması və ya oxunmasının mümkün olmaması;

- separatorların işlək vəziyyətdə olmaması;

- separatorlara nəzarət və həyəcan sisteminin işlək vəziyyətdə olmaması;

- çirkli və döşəməaltı su anbarlarının həcminin kifayət qədər olmaması;

- neft əməliyyatları jurnalının olmaması;

- heyət üzvlərinin şəhadətnamələrində və sertifikatlarında uyğunsuzluqların mövcudluğu və ya qeyd edilən sənədlərin etibarsız olması;

-naviqasiya və ya maşın şöbəsində növbəçəkmənin təşkili üçün kifayət qədər müvafiq ixtisaslı heyət üzvlərinin olmaması;

- heyət üzvlərinin istirahət vaxtının təmin edilməməsi;

- beynəlxalq konvensiyalarda nəzərdə tutulan planların, sxemlərin, bukletlərin, təlimatların, rəhbər sənədlərin olmaması;

- yük əməliyyatları jurnalının olmaması;

- neft məhsullarının qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edilmədən daşınması və müvafiq sənədlərin olmaması;

- yük əməliyyatları avadanlığının nasaz vəziyyətdə olması;

- nəzərdə tutulan səfər üçün kifayət qədər ərzaq və su təminatının olmaması;

- antisanitariya şəraitinin mövcudluğu;

- yaşayış bölməsində havalandırma sistemində nasazlığın olması;

- məişət tullantılarının çoxluq təşkil etməsi;

- dəhlizlərin kənar əşyalarla tutulması;

- müvafiq şəhadətnamədə göstərilməyən yüklərin daşınması;

- yüksək təzyiq altında olan avadanlıqların qoruyucu vasitələrinin olmaması və ya zədəli olması;

- gəminin elektrik sistemində nasazlıqların olması;

- oddan təhlükəli maddələrin müəyyən olunmuş yerlərdə saxlanılmaması;

- təchizat vasitələrinin müəyyən olunmuş yerlərdə saxlanılmaması;

- yaşayış və xidmət hissələrində bağlantıların yoxluğu və ya nasaz vəziyyətdə olması;

- qəza hallarında tezqapanan avadanlıqların nasaz vəziyyətdə olması;

- yük anbarlarının havalandırma sisteminin nasaz vəziyyətdə olması;

- təzyiq səviyyəsinin normadan artıq olmasını bildirən siqnalizasiya sisteminin nasaz vəziyyətdə olması;

- qaz və zəhərli maddələrin sızmasını bildirən siqnalizasiya sisteminin nasaz vəziyyətdə olması.

Gəminin səfərə çıxmasına icazə verilmədiyi (saxlanıldığı) hallarda bayraq dövləti, gəmi sahibi, gəminin nəzarəti altında olduğu təsnifat cəmiyyəti və Beynəlxalq Dəniz Təşkilatı məlumatlandırılmalıdır. Gəmidə onun təhlükəsiz istismarını istisna edən uyğunsuzluqlar aşkar edildikdə, yükləmə əməliyyatlarının dayandırılması barədə qərar qəbul olunur. Gəminin saxlanılmasına səbəb olan uyğunsuzluqlar aşkar edildikdə, nəzərdə tutulan səfərin xüsusiyyəti və müddəti, gəminin ölçüləri və növü, yükün xüsusiyyətləri, heyət üzvlərinin istirahət vaxtının təmin edilməsi nəzərə alınmaqla, gəminin texniki vəziyyəti imkan verdiyi hallarda ona yalnız təmir məqsədi ilə digər limanadək və ya gəmi təmiri müəssisəsinədək səfər etməsinə icazə verilə bilər.

- Aşağıdakı hallarda gəmilərin Azərbaycan Respublikasının dəniz limanlarına daxil olmasına icazə verilmir:

-gəminin bayrağı altında üzdüyü dövlət və ya gəmi sahibi liman nəzarəti üzrə ixtisaslaşmış beynəlxalq qurumların "qara siyahı"sında olduqda;

- gəminin uyğunsuzluqlar səbəbindən il ərzində Azərbaycan Respublikasının limanlarında 2 (iki) dəfədən artıq saxlanılması barədə qərar qəbul edildikdə;

- dəniz limanına daxil olmasına icazə verilməsi ilə bağlı müraciət edən gəmi dəniz üzgüçülüyünə, insan həyatına və dəniz mühitinin mühafizəsinə real təhlükə törətdikdə;

- dövlətin müdafiəsi və təhlükəsizliyi ilə əlaqədar zərurət yarandıqda;

- qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

 

Gəmilərin nəzarət yoxlaması nəticəsində qəbul edilmiş qərardan gəmi kapitanının, gəmi sahibinin və gəminin bayrağı altında üzdüyü dövlətin səlahiyyətli qurumunun Administrasiyaya və ya məhkəməyə şikayət etmək hüququ var. Administrasiya  gəmilərin nəzarət yoxlaması nəticəsində qəbul edilmiş qərardan gəmi kapitanının, gəmi sahibinin və gəminin bayrağı altında üzdüyü dövlətin səlahiyyətli qurumunun şikayətinə 24 (iyirmi dörd) saat müddətində baxır və qərarın ləğv edilməsi və ya qüvvədə saxlanılması barədə qərar qəbul edir.

# 1018
avatar

Oxşar yazılar