Azərbaycan Polad İstehsalı Kompleksi yaradıldı
23 aprel 2013 18:38 (UTC +04:00)

Azərbaycan Polad İstehsalı Kompleksi yaradıldı

Dövlət başçısı İlham Əliyev Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla səhmləri dövlətə məxsus olan Azərbaycan Polad İstehsalı Kompleksi yaradılıb. Sərəncamla, həmçinin müəyyən edilib ki, Azərbaycan Polad İstehsalı Kompleksi Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsini, tikintisini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən Qapalı Səhmdar Cəmiyyətidir.

Sərəncama əsasən, səhmləri dövlətə məxsus olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilib və onun dövlətə məxsus səhmlərinin saxlanılması və idarə olunması hüquqları Azərbaycan Polad İstehsalı Kompleksinə verilib.
 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Cəmiyyətin nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi, Cəmiyyətin işçilərinin say həddinin və xərclər smetasının təsdiq edilməsi, Cəmiyyət sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi  tapşırılıb.
 

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verməli, Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğv edilməsinə, tabeliyində hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verməlidir.

Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərini Azərbaycan Respublikasının Prezidenti həll edəcək.

Nazirlər Kabineti Cəmiyyətin Nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb, təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Bundan başqa NK Cəmiyyətin ilkin mərhələdə saxlanılması və nizamnamə kapitalının formalaşdırılması üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılmasını bir ay müddətində həll etməlidir.

Sərəncama əsasən Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün öz səlahiyyətləri daxilində zəruri tədbirlər görməlidirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3304

Oxşar yazılar