Büdcə xərclərini düzgün yerinə yetirməyən müəssisələrin hesabları bağlanacaq
Bu gün Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilib. Lent.az-ın verdiyi məlumata görə, Hesablama Palatasının sədri Heydər Əsədov deyib ki, əmək haqqı və sosial müdafiə xərcləri ilə bağlı çatışmazlıqlar artıb.
Heydər Əsədov bildirib ki, qadın mühasib olan müəssisələrdə belə çatışmazlıqların daha çox olduğu müşahidə edilib. Onun sözlərinə görə, keçən il Hesablama Palatası nöqsanların aradan qaldırılması üçün 100 təqdimat göndərib. Bu təqdimatların 25-i nazirliklərə ünvanlanıb. Heydər Əsədov əsasən, təhsil və səhiyyə müəssisələrində problemlərə rast gəlindiyini söyləyib: “Təhsil və səhiyyə müəssisələrində əsas çatışmazlıq ştatların artıq saxlanılması, tariflərin düzgün göndərilməməsi ilə bağlı olub. Hesablama Palatasının fəaliyyəti nəticəsində 550 ştat ixtisara salınıb, 220 qrup bağlanıb”.
Hesablama Palatasının sədri dövlət müəssisələrində debitor və kredit borclarının artdığını söyləyib: “Bəzən süni olaraq debitor borc yaradılması hallarına rast gəlinir. Hesablama Palatası tərəfindən 40 milyon debitor borc bağlanıb. 3 vergi ödəyicisi haqqında cinayət işi açılıb. Büdcənin yükü 1 milyon 140 min manat azaldılıb. Tərəfimizdən dövlət büdcəsinə 2 milyon 250 min manat köçürülüb. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdən büdcə xərclərini düzgün yerinə yetirməyənlərin hesabları bağlanacaq, dondurulacaq”.
O bildirib ki, təsərrüfat subyektlərinin rəhbərləri tərəfindən müxtəlif cəza tədbirləri həyata keçirilib: “Audit tədbirləri nəticəsində 44 nəfər işdən çıxarılıb. Onlardan 13-ü vəzifəli şəxs, 3-ü müavin, 10-u isə baş mühasibdir. Bundan başqa, 44 nəfərə şiddətli töhmət elan olunub. Onlardan 18 nəfəri rəhbər şəxs, 13-ü baş mühasibdir. 92 nəfərə töhmət verilib. Onlardan 36-sı rəhbər işçi, 35-i isə baş mühasib olub. 75 nəfərə xəbərdarlıq elan olunub, bir neçə vəzifəli şəxs az maaşla aşağı vəzifəyə keçirilib”.