Aprelin 25-də Bakı Ali Neft Məktəbinin akt zalında Norveçin “Statoil” şirkətinin Sualtı Hasilat Sistemləri bölümünün sualtı texnologiyalar və əməliyyatlar üzrə mühəndisi Şahin İsmayılov tərəfindən tələbələr üçün ingilis dilində təqdimat keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, Şahin İsmayılov 30 illik neft tarixi olan “Statoil” şirkətinin yaranma və inkişaf tarixi, şirkətin sualtı hasilat sistemləri, sualtı qurğuların birləşmə konsepsiyaları, fasiləsiz hasilatın təmin olunması sahəsində təcrübə, sualtı qurğuların platformalara və sahilə birləşməsi, sualtı fəaliyyətdə ekoloji monitorinqin təşkili, sualtı neft-qaz hasilatı kompleksi qurğularına nəzarət və onların istismarı barədə tələbələrə ətraflı məlumat verib.
O, prosesləri və texnologiyaları izah edən slaydları nümayiş etdirib. Təqdimat tələbələr tərəfindən maraqla qarşılanıb.