“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin dəqiq uçotunun aparılması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin qarşısını almaq istiqamətində nəzarət tədbirlərini davam etdirir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, ötən müddətdə bu sahədə həyata keçirilən tədbirlər müəyyən qədər müsbət nəticələr versə də, hələ də bəzi abunəçilərin içməli sudan sayğacdankənar və müqavilə bağlanmadan istifadə etməsi halları aşkarlanır.
Bu cür hallara əsasən qeyri-əhali qrupu abunəçiləri yol verir və içməli sudan qanunsuz istifadəyə daha çox şadlıq evlərində, restoranlarda, hamam, camaşırxana, avtoyuma, və s. obyektlərdə rast gəlinir. “Azərsu” ASC-nin Abonent İşləri departamenti və yerli sukanal departamentlərinin əməkdaşları “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanunun tələblərini əsas götürməklə həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində təkcə mart ayı ərzində 140-ı Bakı şəhərində, 24-i isə müxtəlif rayonlarda olmaqla, içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 164 fakt aşkarlayıblar. Həmin faktlar aktlaşdırılıb və qiymətləndirmə nəticəsində “Azərsu” ASC-yə dəymiş ziyan 269924 manat məbləğində müəyyən edilib.
Ümumilikdə 2013-cü ilin yanvar-mart aylarında həyata keçirilən tədbirlər nəticəsində içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə halları ilə bağlı 394 fakt aşkarlanıb. Araşdırmalar nəticəsində “Azərsu”-ya dəymiş ziyanın məbləği 925 min 900 manat olub. Görülmüş tədbirlər nəticəsində bu məbləğin 363 min 616 manatının ödənilməsi təmin edilib.
“Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir və belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək. İçməli sudan və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edən abunəçilərin su təchizatı qeyd-şərtsiz dayandırılacaq və “Azərsu” ASC-yə dəymiş ziyanın həmin abunəçilər tərəfindən ödənilməsi tələb ediləcək.