Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə olunur. Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Zahid Oruc deyib ki, auditlərin keçirilməsi müxtəlif qurumlar tərəfindən həmişə təzyiqlə qarşılanır.
Zahid Oruc Hesablama Palatasının mətbuatdan gələn çağırışları necə qiymətləndirməsi ilə maraqlanıb. Onun sözlərinə görə, dövlət qurumlarında məsul şəxslər tək mühasiblər deyil, bu məsələlər geniş araşdırılmalıdır.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, büdcə vəsaitlərinin miqdarı artdıqca Hesablama Palatasının da işi artır: “Ona görə də Hesablama Palatasının işçilərinin də sayı artmalıdır ki, bu vəsaitlərin xərclənməsi ilə bağlı audit əhatəli və davamlı aparıla bilsin. İctimaiyyət bilməlidir ki, dövlət büdcəsindən vəsait oğurlayan şəxs gec-tez məsuliyyətə cəlb olunur”.
Siyavuş Novruzov millət vəkili Qüdrət Həsənquliyevin büdcə vəsaitlərini mənimsəyənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə təklifinə də münasibət bildirib: “Əgər oğurlanan büdcə vəsaiti geri qaytarılırsa, bu, həmin vəzifəli şəxs üçün zərbədir. Bir də onu həbsə salmaq lazım deyil. Biz Cinayət Məcəlləsində də belə cəzaları cərimələrlə əvəzləyirik”.
Millət vəkili Qənirə Paşayeva icbari tibbi sığortanın tətbiqini zəruri sayıb. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, Hesablama Palatasının kadr siyasəti çox düzgün aparılır və bu qurumda dövlətçiliyə bağlı, təmənnasız insanlar çalışırlar. O, yaşayış minimumunun parlamentə təqdim edilərkən bu məsələyə daha həssas yanaşma ortaya qoymasını, parlamentə kömək etməsini istəyib: “Biz hamımız mətbuatı sevirik. Amma bəzən görürsən ki, Hesablama Palatasının hansısa fikrini mətbuat hardansa üzə çıxarır, aləm qarışır. Bəli, Hesablama Palatası cəmiyyətə açıq olmalıdır. Lakin elə fəaliyyət göstərməlidir ki, belə informasiyalar cəmiyyətdə ajiotaja səbəb olmasın”.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı Hesablama Palatasının vəzifəsinin büdcəyə pul qaytarmaq olmadığını vurğulayıb: “Elə il ola bilər ki, büdcə vəsaitləri düzgün xərclənsin. Bu halda Hesablama Palatasından nə üçün büdcəyə hansısa vəsaitlərin qaytarılmasını tələb etmək nə dərəcədə düzgündür?”
Mübariz Qurbanlı noyabr ayında bir sıra dövlət qurumlarının büdcə vəsaitinin növbəti ilə keçməməsi üçün əl-ayağa düşdüyünü, bu vəsaiti müxtəlif yollarla xərcləməyə çalışdığını qeyd edib: “Deməli, Hesablama Palatası bu məsələni də diqqət mərkəzində saxlamalıdır”.
Millət vəkillərinin qaldırdıqları məsələlərə münasibət bildirən Hesablama Palatasının sədri Heydər Əsədov deyib ki, Səhiyyə Nazirliyinə verilən 1 təqdimat nəticəsində 1000 çarpayı ləğv olunub. Onun sözlərinə görə, daha az yoxlanan sahələr audit proqramına salınır, yerlərdən gələn şikayətlər də audit yoxlamaları zamanı nəzərə alınır: “İcbari tibbi sığorta ilə bağlı məsələyə gəlincə, mənim özümün də bu məsələ ilə bağlı təkliflərim var. Ancaq bu sahədə səriştəli, məsul orqanlar olduğu üçün yalnız təklif verməklə kifayətlənirik”.
Hesablama Palatasının sədri vurğulayıb ki, fəaliyyət göstərdiyi müddətdə heç vaxt hansısa qurumu yoxlamaqla bağlı ona göstəriş verilməyib: “Məsələn, dövlət qurumlarının birində büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı çatışmazlıqla əlaqədar bir qadın müəyyənləşdirildi. Ancaq həmin qadının yaşadığı evə 3 qaçqın ailənin birgə yaşadığını gördük. Cinayət işi qaldırılmadısa, bu, bizim humanist yanaşmamızla bağlıdır”.
Hesablama Palatasının hesabatı qəbul edilib.