Roman Abramoviç
17 mart 2022 11:25 (UTC +04:00)

Roman Abramoviç

Abramoviçin fırıldaqçılığını təsdiqləyən YENİ SÜBUTLAR

Lent.az bildirir ki, BBC "Chelsea" Futbol Klubunun sahibi, rusiyalı iş adamı Roman Abramoviçin qanunsuz yollarla varlandığını təsdiqləyən yeni sübutlar tapıb.

Roman Abramoviç Rusiya dövlətinə aid neft şirkətindən birini 1995-ci ildə şübhəli tenderdə satın alandan sonra milyardlar qazanıb.

Onda o, "Sibneft"i təqribən 250 milyon dollara almış, 2005-ci ildə isə dövlətə 13 milyard dollara satmışdı.

Vəkilləri Abramoviçin öz sərvətini qanunsuz yolla əldə etməsi iddiasının əsassız olduğunu deyirlər.

Ötən həftə Britaniya hökuməti Abramoviçin Rusiya Prezidenti Vladimir Putinlə əlaqələrini əsas gətirərək onun aktivlərini dondurub.

O, "Chelsea" klubunun idarəçiliyindəki səlahiyyətlərindən də məhrum edilib.

Roman Abramoviç "Sibneft"i almaq üçün rüşvət verdiyini Britaniya məhkəməsində etiraf etmişdi. 2012-ci ildə keçmiş biznes ortağı Boris Berezovski onu məhkəməyə vermiş, Abramoviç bu işi udmuş, amma "Sibneft"lə bağı tenderə fırıldaq edildiyini, bunun müqabilində Kreml rəsmilərindən birinə 10 milyon ödəmək üçün Berezovskiyə 10 milyon dollar verdiyini bildirmişdi.

"BBC Panorama" komandası Rusiyadakı cinayət işindən götürüldüyü güman edilən bir sənəd əldə edib.

Etibarlı mənbə deyir ki, bu, Rusiya hüquq-mühafizə orqanlarının Abramoviçlə bağlı topladığı sənədlərdən birinin surətidir.

BBC iddianın doğruluğunu dəqiqləşdirə bilməyib. Bununla belə, digər mənbələr beş səhifəlik sənəddəki təfərrüatların əksəriyyətini təsdiqləyiblər.

Sözügedən sənəddə "Sibneft"in satışıyla bağlı tenderdə Rusiya dövlətinin 2,7 milyard dollar ziyana düşdüyü qeyd edilir.

"Abramoviçi Yeltsin qoruyurdu"

Bu iddia 1997-ci ildə Rusiya parlamentinin başlatdığı araşdırmada da yer alıb.

Sənəddə qeyd olunur ki, Rusiyanın hüquq-mühafizə orqanları Abramoviçi dələduzluq maddəsiylə mühakimə etmək istəyib.

"İqtisadi Cinayətlər Departamentinin məlumatına görə, Abramoviç məhkəməyə cəlb olunsaydı, mütəşəkkil cinayətkar dəstə vasitəsilə dələduzluq etməkdə ittiham ediləcəkdi" - sənəddə belə yazılır.

"Panorama" komandası 1990-cı illərə təsadüf edən bu araşdırmanın rəhbərinə - Rusiyanın keçmiş Baş prokuroru Yuri Skuratora müraciət edib.

Skuratov məxfi sənəddən xəbərsiz olduğunu desə də, "Sibneft" tenderinin bir çox təfərrüatlarını təsdiqləyib:

"Həmin özəlləşdirmə tenderinin iştirakçılarının cinayətkar iş birliyi yaradıb dövlətə şirkətin dəyərindən az pul ödəməsi bilavasitə dələduzluq əməli idi" - Skuratov belə deyib.

Sənəddə Rusiyanın keçmiş Prezidenti Boris Yeltsinin Abramoviçi qoruduğu da qeyd olunur. Həmçinin bildirilir ki, Abramoviçlə bağlı istintaq dosyesi Kremlə göndərilsə də, Yeltsin Skuratova işi dayandırmağı tapşırıb.

1999-cu ildə Yuri Skuratorun gizli çəkilmiş seks kasetini yayıblar və sonra da vəzifəsindən kənarlaşdırıblar. Skuratovun sözlərinə görə, məqsəd istintaqı və onu gözdən salmaq olub:

"Hər şey açıq-aydın oyun idi, çünki mən istintaq prosesində Yeltsinin özünə də çox yaxınlaşmışdım. Sübutlar arasında "Sibneft" tenderi də vardı".

Tenderdən əvvəl rəqib Çin şirkətinin nümayəndəsi oğurlanıb

Putin hakimiyyətə gələndən (2000-ci il) sonra da Abramoviç Kremlə yaxın çevrənin üzvü olaraq qalmaqda davam edib.

BBC-nin əldə etdiyi sənəddə iki il sonraya aid daha bir saxta tender haqqında da təfərrüatlar var.

Həmin vaxt Abramoviç "Slavneft"i almaq üçün başqa bir şirkətə ortaq olub. Amma tenderdə onlara rəqib olacaq CNPC şirkəti (Çin) "Sibneft" üçün, demək olar ki, iki dəfə baha qiymət təklif etməyə hazırlaşırdı.

Bu o deməkdi ki, Rusiya parlamentindən Kremlə qədər bir çox adam rüşvətdən məhrum olacaqdı.

Sənədə həmçinin qeyd olunur ki, Çin şirkətinin tenderə qatılmaq üçün Moskvaya gələn nümayəndəsi hava limanında oğurlanıb. Bundan sonra CNPC tenderdən geri çəkilməli olub. Qaçırılmış şəxs çəkilmə qərarı elan olunandan sonra sərbəst buraxılıb.

Oğurlanma faktını sözügedən sənəddən xəbəri olmayan müstəqil mənbələr də təsdiqləyiblər.

Vladimir Milov "Slavneft"in satışı ərəfəsində energetika nazirinin müavini olub.

Milov oğurluq hadisəsini şərh etməyib, amma yüksək vəzifəli şəxslərin tenderdə məhz Abramoviçin qalib gəlməsinə çoxdan qərar vermiş olduqlarını bildirib:

"Dedim ki, baxın, çinlilər gəliblər və daha çox pul vermək istəyirlər. Cavab verdilər ki, sən sus, qarışma. Çoxdan qərar vermişdilər, "Slavneft"i Abramoviçə satacaqdılar. Qiymətdə razılaşmışdılar və çinliləri kənarlaşdıracaqdılar".

Abramoviçin qaçırılma faktından xəbərdar olub-olmaması və ya bu hadisədə iştirakı barədə heç bir məlumat yoxdur.

Onun vəkilləri bildiriblər ki, çinli nümayəndənin oğurlanması iddiası tamamilə əsassızdır və Abramoviçin bundan xəbəri yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4044
avatar

Oxşar yazılar