Bakı-Böyük Kəsik istiqamətində ilk 100 km yolun təmiri başa çatdı - FOTO
21 iyul 2012 13:20 (UTC +04:00)

Bakı-Böyük Kəsik istiqamətində ilk 100 km yolun təmiri başa çatdı - FOTO

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, 18-21 iyul tarixlərində Yevlax-Mingəçevir mənzilində 2553 metr yolun əsaslı təmir olunub.

Bununla da ilk 100 km yolun əsaslı təmiri başa çatıb. Bu gün Baş Mİngəçevir stansiyasında ilk 100-cü kilometrin əsaslı təmiri əsil təntənə ilə həyata keçirilib. Tədbirə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi, müvafiq təsərrüfatların əməkçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri toplaşıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov KİV nümayəndələrinə məlumat verərək deyib ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun ilk 100-cü km-i bu gün başa çatıb. Bu işdə dəmiryolçular əzmkarlıq göstərirlər. Əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

Qeyd edək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri ilə əlaqədar Vasif Süleymanın və Elbariz Məmmədlinin müəllifi olduqları 3 cildlik “Məxmər yolların sirri” adlı kitab çapa hazırlanır. Hər 100 kilometrdən bir çap olunacaq kitabın birinci cildi bu günlərdə işıq üzü görəcək.
# 802

Oxşar yazılar