Daşınmaz əmlakın sənədləşdirilməsi qaydaları müəyyənləşdi
17 iyul 2012 10:00 (UTC +04:00)

Daşınmaz əmlakın sənədləşdirilməsi qaydaları müəyyənləşdi

Azərbaycan prezidenti İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-IVQD nömrəli Qanununun tətbiqini təmin edilməsi barədə fərman verib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, qanuna edilən dəyişiklik daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarla bağlıdır.

Qanuna edilən dəyişikliklərə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

- qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

- qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;

- daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;

- qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

- bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;

- mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

-2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları)nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər;

- bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı (müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir) tərəfindən müəyyən edilən sənədlər.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edərək bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Nazirlər Kabineti eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 201-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 dekabr tarixli 566 nömrəli Fərmanında nəzərdə tutulmuş “daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini isə 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2012-ci il 29 iyun tarixli 407-IVQD nömrəli qanununa uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
# 3246

Oxşar yazılar