Azərbaycan qazının Avropaya nəqli üçün yeni ixrac marşrutu
26 sentyabr 2011 14:08 (UTC +04:00)

Azərbaycan qazının Avropaya nəqli üçün yeni ixrac marşrutu

Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» perspektiv strukturunun işlənməsi layihəsi çərçivəsində hasil olunacaq qazın Avropaya ixracı üçün yeni - 4-cü nəqletmə marşrutu təklif olunub.

Bu marşrut Cənub-Şərqi Avropa ölkələrindən – Bolqarıstan, Rumıniya, Macarıstan və Xorvatiyadan keçəcək. Bu barədə «APA-ECONOMICS»ə «Şahdəniz» layihəsinin operatoru olan BP şirkətinin baş ofisindəki mənbə bildirib: «Biz bu variantla bağlı bəzi mühəndis-layihə işləri aparmışıq və inanırıq ki, bu kəmərin keçə biləcəyi ölkələr, o cümlədən Rumıniya və Bolqarıstanda qaz satışı ilə bağlı bazarlar var».

Qeyd edək ki, «Şahdəniz» qaz yatağının işlənməsinin 2-ci mərhələsi («Şahdəniz-2») çərçivəsində çıxan qazın Avropaya nəqli ilə bağlı üç nəqletmə variantı nəzərdən keçirilir. Bu, «Nabucco», TAP (Trans-Adriatik Boru Kəməri) və ITGI (Türkiyə-Yunanıstan-İtaliya Boru Kəməri) layihələridir. Oktyabrın 1-dək bu layihələrin təmsilçiləri qazın nəqli ilə bağlı təkliflərini «Şahdəniz»in səhmdarlarına, daha dəqiq, bu danışıqları aparan Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) təqdim etməlidir: «Onlara oktyabrın 1-dək vaxt verilib və gözləyirik ki, həmin tarixdə bu layihələrin təmsilçiləri onu təqdim etsinlər». Amma mənbənin sözlərinə görə, təkliflərin qiymətləndirmə prosesində 4-cü variant üzrə informasiyaya da baxılacaq: «Bu layihə son 12 aydır ki, müzakirə olunur və bundan digər layihələrin təmsilçiləri də xəbərdardır».

İndiyədək müzakirə olunan digər üç variant kimi, bu varianta görə də qazın nəqlində Türkiyə ərazisindən, bu ölkənin boru kəmərləri şəbəkəsindən istifadə ediləcək. Türkiyədən sonrakı hissədə isə nəql istiqamətləri dəyişəcək.

Mənbənin sözlərinə görə, təklif olunan yeni layihənin üç əsas üstünlüyü var: «Birincisi, bu layihə ucuzdur. Çünki, əvvəla, bu kəmər o birilərindən qısadır və onu dənizin dibindən çəkmək lazım deyil. Bu o deməkdir ki, bu variantda qaz qiymətləri daha rəqabət qabiliyyətli olacaq. İkincisi, Avropa Komissiyası həmin ərazidəki qaz mənbələrinin şaxələndirilməsini dəstəkləyir. Üçüncüsü, bu variantda Azərbaycan da maraqlıdır. Çünki bununla Azərbaycanın həmin ölkələrə qaz satmaq və bu ölkələrin də Azərbaycandan qaz almaq istəkləri reallaşdırılır. Yəni, həmin ölkələrlə Azərbaycan arasında bağlanmış memorandumların reallaşması üçün böyük imkanlar yaranır».

Mənbə bildirib ki, yeni variantın müzakirəsinə səbəb qazın daha ucuz ixrac variantını tapmaqdır. Layihənin səhmdarları qazı Avropaya nəql etmək üçün mümkün qədər ucuz variant axtarır. Qeyd edək ki, «Şahdəniz»in 2-ci fazası çərçivəsində Avropaya ilkin mərhələdə ildə 10 mlrd. kubmetr qaz satmaq nəzərdə tutulur. İndiyədək müzakirə olunan üç variantın hamısı bunu etməyə qadirdir: «Amma nəzərə almaq lazımdır ki, «Şahdəniz-2»nin işlənməsi layihəsi çox bahalıdır - təqribən 20 mlrd. dollara başa gələcək. Buna görə də, «Şahdəniz» konsorsiumu olaraq, bizim işimiz onun ixracını mümkün qədər ucuz başa gətirməkdir. İndi baxılan 4-cü variant digərlərindən daha ucuz başa gələ biləcəyi üçün 10 mlrd. kubmetr qazın Avropaya satışının iqtisadi göstəriciləri bizim üçün daha cəlbedici ola bilər».

Ekspertin sözlərinə görə, yeni layihə ilə bağlı iki məsələ balanslaşdırılmalıdır. Birincisi, layihə ucuz olmalıdır ki, qaz satışının iqtisadi göstəriciləri yaxşı olsun. İkincisi, kəmərin buraxılış qabiliyyətini sonradan böyütmək imkanı olmalıdır: «Hələlik bizə ildə 10 mlrd. kubmetr gücü olan boru kəməri lazımdır. Amma kəmər elə tikilməlidir ki, gələcəkdə tələbat olarsa, onun gücünü 20-30 mlrd. kubmetrə çatdırmaq mümkün olsun».
Hələlik yeni layihənin texniki-iqtisadi göstəriciləri barədə geniş məlumat verilmir. Mənbə bunu, 4-cü variantın hələ tam detallı işlənməməsi ilə izah edib. Bununla yanaşı, bu kəmərin uzunluğunun 1000 km-i keçməyəcəyi, tikintisinin isə digərlərinə nisbətən ucuz başa gələcəyi məlumdur. Hazırda layihənin müxtəlif detalları, o cümlədən layihəyə daha hansı ölkələrin qoşula biləcəyi və səhmdarların mümkün tərkibi araşdırılır.

Qeyd edək ki, yeni kəməri «Şahdəniz» konsorsiumuna daxil olan şirkətlərin özləri də tikə bilərlər: «Biz BP şirkəti olaraq bunu istisna etmirik. Əgər bizə təklif olunsaydı, biz bunu istəyərdik. Biz Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz Boru kəməri (Bakı-Tiflis-Ərzurum) kimi kəmərlərin tikintisində iştirak etmişik və bu sahədə təcrübəmiz var».
# 667

Oxşar yazılar