Qan salan, qan bağlayan, qan qaynadan bəla...  - ARAŞDIRMA
19 dekabr 2012 17:16 (UTC +04:00)

Qan salan, qan bağlayan, qan qaynadan bəla... - ARAŞDIRMA

Bəzən futbolu yalnız idman növü kimi xarakterizə etmək olmur: yüz milyonlarla fanatı, yüz milyardlarla dövriyyəsi, bir futbolçuya ödənilən transfer haqqının kiçik bir dövlətin illik büdcəsinə bərabər olması ilə, saysız-hesabsız insanın ovqatını müəyyənləşdirməsi, çılğınlıq və idarəolunmaz hisslərin toqquşması ilə yadda qalan; azarkeşləri öldürən və yaşadan futbolu idman növü kimi sadəcə bir təyinatla izah etmək olmur!

 

Hazırda futbol təkcə məşhur klubların kapitalının milyardlarla ölçülməsi səbəbindən «nəhənglər» sırasında deyil. Məsələ ondadır ki, futboldan tamam ayrı-ayrı qurumlar, kontorlar, insanlar həm də maddi baxımdan milyonlarla xeyir götürür və yaxud hər şeyini uduzur.

 

Futbol proqnozlarını idarə edən kontorlar – dünyanın ən gəlirli biznes sahələri ilə rəqabətə girməyə hazırdırlar.

 

Futbolun əhatə dairəsinə nələr aid deyil ki: müharibə törətmək, sülhə nail olmaqdan tutmuş çirki pulların yuyulmasına, insan həyatlarını məhv etməkdən tutmuş insanlara xoşbəxtlik bəxş etməyə qədər…

 

Amma futbolla nəfəs alanların böyük əksəriyyəti bilmir ki, ingiliscə «ayaq top» mənası verən futbol nə vaxt və harada yaranıb? İndiki halına necə gəlib?

 

Futbolun vətəni: Çin, yoxsa Hun?

 

Futbolun vətəni olmağa iddia edən o qədər ölkələr var ki, onların adını çəkmək belə xeyli zaman alır.

Qədim mədəniyyəti ilə öyünən Çin eradan əvvəl ikinci minilliyə aid yazılı sənəd ortaya qoyub, «Çsu Çyu» («ayaqla itələmək») adlı oyun növünə sahib olduğunu isbatlamağa çalışır. Xan sülaləsinin e.ə. 206-cı ilə aid «Çyu-ke» (çyu – ayaqla itələmək, ke – üfürülmüş dəri) oyununa aid salnamə isə əks-iddiaçıları tamamilə tərksilah edir, Çinin arqumentlərini gücləndirir. Oyun necə imiş?

Bir-birindən aralı basdırılmış iki tirə ipək tor çəkilir, torun ortasında təxminən 35 santimetrlik yarıq açılır. Komandaların oyunçuları sanki penalti vururmuşlar kimi müəyyən məsafədən topu yarıqdan keçirməyə cəhd edirlər.

Çində bu oyuna o qədər «xətir-hörmət» qoyurlarmış ki, qaliblər təkcə çiçək dəstələri, meyvə, şərab və gümüş kuboklarla mükafatlandırılmırdılar, ən qabiliyyətli oyunçunun xidmətdə irəli çəkilməsi, hətta general olması da tarixdən bəllidir. Məğlubları isə camaatın içində çubuqla döyülməkdən vəzifəsini itirməyə qədər böyük bir uğursuzluq gözləyirdi.

Türklər də sakit durmurlar: ənənəvi olaraq Çin mədəniyyətinə verdikləri töhfələri önə çəkərək, Hun imperatorluğunda futbola bənzər oyunun eradan əvvəl 3-cü minillikdə oynanıldığını iddia edirlər. Maraqlıdır ki, türklərin bu iddialarının da əsasını Çin mənbələri təşkil edir. Ancaq 11-ci əsrdə Mahmud Kaşğarlının «Təpük» adı ilə təsbit etdiyi oyun sanki hazırkı futboldur ki var: komandalar əllə toxunmadan, yalnız ayaq və başla topu rəqib qapıdan keçirməyə çalışırlar; top meydandan çıxanda oyun dayanır; topu meydandan çıxaran şəxs onu oyuna daxil etməlidir və s.

Əslində, oyunun hərbi mahiyyət daşıdığı səbəbindən futbol adına iddia edən Hun imperatorluğunun varisləri «qədim mənbəyə görə» çinlilərə güzəştdə və «ilk futbol Hun və Çin imperatorluğunda yarandı» biçimində maraqlıdırlar. Ancaq çinlilər birinciliklərini kimsəyə vermək istəmirlər və bütün vasitələrlə «futbolun vətəni» iddialarını doğrulamaq niyyətindədirlər. Sadəcə, bir problem qarşılarını kəsir: bəs, bu 3 min illik «futbol vətənində» niyə hələ də yaxşı futbol oynamaq ənənəsi yoxdur?

Çin bu çətin sualdan qorunmaq üçün çox çalışır, amma hələ ki nəticə yoxdur…

 

«Vətən olmağa» Misirin və Romanın haqqı çatır

 

Heç elə şey olar ki, ən qədim mədəniyyət beşiyi Misir və Roma futbolun vətəni olmaq mübahisəsindən kənarda qalsın?

Məsələn, Misir fakt təqdim edir: 3 min ilə yaxın tarixi olduğu haqqında kimsədə şübhə olmayan divar rəsmləri… İnsanlar ayaqla top oynadıqları məqamda tarixə çevriliblər. Hətta 2500 il yaşı olan dəri və ya kətandan düzəldilmiş toplar Misirdə qorunur və muzeylərdə sərgilənir. Bu topun, o rəsmin qarşısında nə demək olar?

Bəs, dünya mədəniyyətinin beşiklərindən olan Roma? Axı, yaşam dövrü ən azı e.ə. 8-ci əsrə gedib çıxan məşhur Homer «Odisseya» əsərində top oyunları barədə məlumat verir. Bu həqiqəti kənara qoymaq olarmı?

 

Avropanın «vətən» savaşı

 

Avropada futbolun vətəni olmaq uğrunda mübarizə elə oyunları kimi daha şiddətli, maraqlı və rəngarəngdir. Hansı tarixi qaynaqlar, hansı formalar misal gətirilmir ki!

İş o yerə çatıb ki, müharibədən sonra qalib əsgərlərin savaş meydanında düşmən əsgərlərinin bədənindən ayrılmış başını təpikləmələri, bir-birinə «ötürmələri», şənlənmələri də «əsas» kimi göstərilir və «sivil avropalılar» bu barbarlığın dəhşətinə əhəmiyyət belə vermədən, faktdan istifadədə və «futbolun vətəni» olmaq iddialarını yeritməkdə israrlıdırlar.

Bu saysız-hesabsız tarixi araşdırmaların, təhqiqatların, mübahisələrin bir səbəbi var: ayaqla oyun dünya xalqlarının böyük əksəriyyətində olub, futbolun indiki məşhurluğu isə hər kəsin öz tarixindən istifadə edərək onu mənimsəmək istəyindən yaranır.

Yalnız bir etiraf var, bu da ondan ibarətdir ki, müasir futbolun vətəni İngiltərədir – adından göründüyü kimi…

 

İngiltərədə futbol müharibəsi

 

Futbolun «ingilis tarixi» maraqlı olduğu qədər də dəhşəti ilə seçilir.

Pəhriz bayramının sonuncu günü London yaxınlığında ingilislər qəribə bir oyun keçirirdilər. 18 yaşından yuxarı bütün kişilərin oyuna qatılma imkanı vardı ki, bunun nəticəsində «meydanda» bəzən 500 nəfər oyunçu olurdu. Günorta saat 12-də başlayan «matç» gün batana qədər davam edirdi. Öküz və ya donuz qursağından hazırlanmış top uğrunda sözün həqiqi mənasında əsl müharibə gedirdi.

Burda təkcə oynamırdılar, həm də bir-biri ilə köhnə ədavətlərini barbarcasına dalaşmaqla deyil, «sivil qaydada» çözürdülər: yumruq, şillə, təpik… hamısı «top naminə» idi. Oyundan sonra əsl savaş meydanı təsəvvürü yaranırdı: meydan qol-qıçı sınanların, şikəst olanların, üz-gözü dağılanların al qanı ilə qırmızıya boyanırdı.

İngiltərədə bu oyunu ilk dəfə müşahidə edən bir fransız yazırdı: «Əgər ingilislər buna oyun deyirlərsə, bəs, onda onların əsl dava-dalaşı necə olur?»

 

Kral futbolu qadağan edir

 

Futbolun dəhşətli nəticələrini görən Kral II Edvard ilk dəfə 1314-cü ildə London küçələrində «Allahın xoşuna gəlməyən» top qovma oyununu qadağan edən fərman imzalayır; fərmanı pozanları həbs cəzası gözləyirdi.

Vaxtaşırı olaraq bu qanunun pozulmasından narahat olan Kral III Edvard da 1365-ci ildə növbəti fərman verir: «Londonun bütün şeriflərinə! Əmr edirəm, elan edəsiniz ki, bundan sonra şəhərin bütün sağlam kişiləri yalnız ox atmaqla məşğul olmalıdır, ayaqla, yaxud əllə top oyunları həbs olunmaq cəzası ilə qadağan edilir!»

Kral III Edvardın ölümündən dərhal sonra bərpa olunan futbol oyunlarını bu dəfə II Riçard qadağan etməyə məcbur olur – 1389-cu ildə.

Bu oyuna qarşı dövrünün ziyalıları, yazıçıları da kəskin şəkildə çıxırdılar. 16-cı əsr ingilis yazıçısı Ştabbz futbolu lənətləyirdi: «Futbol paxıllıq, kin, düşmənçilik, qəzəb, qərəz, nifrət deməkdir, dedi-qodu, dava-dalaş, ölüm və qana səbəb olur».

Əksər yazıçı və ziyalıların da fikri bu idi: «Futbol – əzilmiş burunlar, sındırılmış ayaqlar və əllər deməkdir».

Ancaq nə bu qadağalar, nə də ziyalı etirazları futbolun qarşısını ala bilmədi…

 

Müasir futbolun yaranması

 

Müasir futbolun yaranması birbaşa İngiltərəyə aiddir. Artıq 19-cu əsrdə xeyli püxtələşmiş və müəyyən qaydaları yaranmış futbol müxtəlif məktəblərdə oynanılır, hətta xüsusi populyarlıq qazanırdı. Məktəblər arasında yarışların keçirilməsi də artıq tətbiq olunmağa başlamışdı.

Ancaq ciddi bir problem vardı: hər bir məktəbin öz futbol qaydaları vardı və kefi necə istəyirdisə, o cür də oynayırdı. Belə qaydasız məktəb komandalarının yarışlarını təşkil etmək isə mümkünsüz işə çevrilirdi. Yeganə qayda topun ayaqla oynanılması idi; bəzi məktəblər isə meydandan çıxarkən topun əllə oyuna daxil edilməsinə normal baxırdı.

1832-ci ildə Reqbi xüsusi məktəbində tələbə Uilyam Ellisin «nümunəsi» çox pis ənənənin başlanmasına səbəb oldu. İlk dəfə olaraq topu ələ götürən və rəqib qapısına hücum edən Ellisin pis nümunəsinin qarşısını almaq üçün onun «cinayətkar əməli» bu günə qədər qorunan iri bir daşın üstündə əbədiləşdirilərək, məktəbin həyətində qoyuldu.

Bu hay-küy bir anda bütün məktəblərə yayıldı və topu həm də ələ götürmək, rəqib oyunçuya hücum etmək bütün məktəblərə yayılıb tam bir xaosa səbəb oldu. Elə bu xaos da vahid qaydaların müəyyənləşməsi problemini gündəmə daşıdı.

1846-cı ildə Kembricdə ilk cəhd edildi, qaydalar müəyyənləşdi, ancaq kimsə ona əməl etmədi. 1862-ci ildə Appingem məktəbinin müəllimi Trinqin «Ən sadə oyun» adlı ilk qaydalar kitabının çapı isə bu yöndə əhəmiyyətli addım oldu.

Trinqin futbol tarixinə düşməsinin əsas səbəbi o idi ki, onun ilk qaydaları müasir futbol qaydalarının bazasında durur və futbolu təhlükəsiz, maraqlı oyuna çevirmək üçün edilən ən böyük cəhd sayılır.

1863-cü ildə futbolun «yalnız ayaqla» oynanılmasına tərəfdar olanlar bir ittifaq yaratdılar və qaydaları müəyyənləşdirdilər. Bu qaydalar mükəmməl deyildi, ancaq ilk futbol qaydalarının tətbiqi və turnirlərin keçirilməsinin koordinasiyasına nail olan ilk qurum kimi böyük əhəmiyyət daşıyırdı.

 

Futbolun sülh missiyası

 

Hələ ilk yarandığı və yeni-yeni populyarlaşmağa başladığı vaxtlardan beynəlxalq marağa səbəb olan futboldan siyasi məqsədlərlə istifadə etmək istəkləri özünü göstərib.

1914-cü ildə Almaniya və Britaniya qoşunları üz-üzə gələrkən «futbol siyasəti» ortaya girib; alman və ingilis komandalarından ibarət futbol yarışı müharibənin şiddətinə bir neçə günlük də olsa, ara verməklə nəticələnib.

1938-ci ildə ingilislər yenə də müharibənin qarşısını almaq üçün futboldan istifadə etməyə qərar verirlər. İngilis futbol komandası Almaniyaya gəlir və «dostluq görüşü» keçirilir. Amma bu yoldaşlıq jestləri müharibənin qarşısını ala bilmir, İkinci Cahan Savaşı bir ildən sonra başlayır.

Bəlkə də ingilislərin 6:3 hesablı qələbəsi Hitleri əsəbiləşdirir? Bəlkə ingilislər həmin oyunda qəsdən uduzsaydılar, dünyanın düzəni başqa cür olardı? Kim bilir!

1967-ci ildə Nigeriyadakı müharibədə «atəşkəsi» isə futbol, daha dəqiq desək, Pele yaradıb: Pelenin komandasının döyüş bölgəsində yerləşən şəhərə yarışa gəldiyini eşidən düşmənlər «atəşkəs» elan edirlər və Pelenin oyununa baxmaq üçün bir stadiona yığışırlar.

Bu günümüzdə də beynəlxalq aləmdə futbol siyasəti davam edir: barışmaz liderlər bəzən «yoldaşlıq görüşlərinə baxmaq üçün» bir-birlərinin ölkələrinə səfər edirlər, məsələn, Türkiyə cümhurbaşqanı Abdulla Gülün Ermənistana futbola baxmağa gəldiyini hamınız xatırlayırsınız…

 

Müharibələr yaradan futbol

 

Nə qədər qəribə olsa da, futbol təkcə azarkeşlər arasında dava-dalaş, ölümlərə deyil, əsl həqiqətdə dövlətlərarası müharibələrin yaranmasına səbəb olub.

1969-cu ildə Hondurasla Salvador arasında keçirilən 3 oyundan sonra, Salvador Hondurasa müharibə elan elədi: minlərlə adam öldü, 100 mindən artıq qaçqın düşdü.

1980-ci ildə Şimali və Cənubi Koreya arasında keçirilən futbol oyunu da müharibəyə səbəb olacaqdı. Şimali Koreyanın cənubluların bayrağını qaldırmaqdan və himnini səsləndirməkdən imtinası müharibəyə əsas yaradırdı. Yalnız beynəlxalq müdaxilədən sonra oyun neytral əraziyə – Şanxaya köçürülməklə müharibə təhlükəsi adladıldı.

 

Qaydalar təcrübə ilə təkmilləşir

 

Hər bir işdə olduğu kimi, futbolda da qaydalar oyunda baş verən hallara görə təkmilləşib; yəni nəzəriyyə özünü doğrultmadıqda, praktikadan nəticə çıxarılıb.

1878-ci il – hakim meydana buraxıldığı və fitlə idarəsinə icazə verildi. O vaxta qədər hakim kənardan idarə edirdi: oyun vəziyyətini daha yaxından görmək üçün meydana girmək, 90 dəqiqə ərzində qışqırası hakimin səsinin batmaması üçünsə fit vacib oldu.

1891-ci il - penaltinin tətbiqi başladı. Çünki cərimə meydançasında real qoldan rəqibi məhrum etməyin əvəzində adi cərimə ədalətsizlik idi.

1926-cı il - konərdən vurulan qolların hesaba alınmasına başlanıldı.

1933 – nömrəli köynəklərdən istifadə olunmasına start verildi.

1970 – qırmızı və sarı kartlardan istifadə qərara alındı. Bunun isə çox maraqlı tarixçəsi vardı. 1966-cı il Dünya Çempionatı, Argentina-İngiltərə oynayır. Hakim argentinalı futbolçunu oyundan qovur, futbolçu isə hakimin nə demək istədiyini başa düşmədiyi üçün 9 dəqiqə oyunu davam etdirir. Az sonra ingilis futbolçu da meydanı tərk etməklə bağlı hakimin qərarını başa düşmədikdə komik vəziyyət yaranır. FİFA-nın qərarı ilə artıq 1970-ci ildə DÇ-da qırmızı və sarı kartlardan istifadə olunurdu.

 

Futboldakı qeyri-adiliklər

 

Futbol tarixində o qədər ilklər, qeyri-adiliklər olub ki, onları xatırlamaq olduqca çətindir. Ancaq tarixə və yaxud Ginnesin Rekordlar Kitabına düşən məlumatlardan bəzilərini yada salaq.

- Səudiyyə Ərəbistanında 7-dən artıq qol buraxan komandaya 1992-ci ildə falaqqa cəzası tətbiq olunurdu;

- 1993-cü ildə Paraqvayda Sportivo Ameliano ilə General Kaballero arasında keçirilən matçda oynamağa futbolçu qalmamışdı. Çünki nə az, nə çox, düz 20 qırmızı kart göstərilmişdi.

- Ölkələr arasında ən böyük hesab 2001-ci ildə Sidneydə qeydə alınıb. Avstraliyada  Samoanı 31:0 hesabla məğlub eləyib.

- Komandalar arasında ən böyük hesabsa Villenhal Tovn Ladies-Burton Brevers matçında qeydə alınıb – 57:0.

- Ən sürətli qol Devid Trezegietə məxsusdur: Monoko komandasında oynayan Trezeguet 1997-ci ildə Mançestr Yunaytedin qapısına vurduğu topun sürəti 157,33 km/saat idi.

- Braziliyalı Paulo Araujo bir oyunda 5 kart aldı… Hakimin yaddaşsızlığı səbəbindən bir-birinin ardınca sarı-qırmızı kartlar alan Araujo oyununa davam etməklə rekord qırıb.

- Argentina çempionatında paytaxt Buanes Ayresin 14 komandası oynayır…

 

Dünya futbolla nəfəs alır

 

Dünyanın ən varlı futbol klublarının ilk beşliyinə hamınızın yaxşı tanıdığınız «Mançestr Yunayted» rəhbərlik edir – 1,5 milyard dəyərləndirmə ilə. Sonrakı yerləri «Real» (1,04 mld), Arsenal (915 mln), Bavariya (840 mln) və Milan (824 mln) tutur.

Ancaq əlbəttə ki, bu dəyərləndirmələr nisbidir. Öz sıralarında on milyonlarla qiymətləndirilən futbolçu və on milyonlarla fanatı birləşdirən futbol klublarının maddi-mənəvi qiyməti ölçüyəgəlməzdir…

Mübaliğəsiz demək olar ki, bu gün dünya futbola nəfəs alır: Avropa və 4 ildən bir keçirilən dünya çempionatları bir ay boyunca dünyanın əsl əyləncəsi, coşğunluğu, həyatına çevrilir.

Bu «əyləncədən» qazanılan yüz milyardlarla vəsaiti isə hesablamaq və ümumi bir rəqəm ortaya qoymaq hələ kimsəyə müyəssər olmayıb.

Bir də: hər şey təkcə maddiyyatla, milyardlarla ölçülmür… Futbol oyunbazları bəşəriyyətin hissindən pul qazanmağı düşünürsə də, insanlar öz hissləri naminə pul itirməyi böyük zövqlə edirlər.

Çünki futbol bəşəriyyətin kəşf etdiyi ən həyəcanlı oyundur – nə qədər siyasiləşsə, iqtisadi inhisarçıların əlində vasitəyə çevrilsə də…

# 1947
avatar

Anar Yusifoğlu

Oxşar yazılar