- Gördün, “Qarabağ” neylədi?
- Hə... Bizimkilər qol vuranda elə sevindim ki, yazıq evdəkilər, qorxdular.
- Zarafat-zarafat, qrupdan çıxmaq şansımız var ha...
- A kişi, “Qarabağ”ın oynadığı futbol zarafat deyil e, həqiqətdir.
Bu qısa dialoqa səhər işə gələndə istəmədən qulaq yoldaşı oldum. Avtobusda iki orta yaşlı kişi “Qarabağ”ın Kiyev zəfərindən fərəhlə danışırdı. Sıravi vətəndaşların Azərbaycan futbolu haqda pozitiv, xoş sözlər səsləndirməsi özümə də ləzzət elədi. Axı adam nə qədər “əşi, bizdə futbol yoxdur”, “bizimkilər futbol oynaya bilmirlər” kimi neqativ fikirlər eşidər?
Azərbaycanlı futbol azarkeşləri üçün sevinmək hissi o qədər yaddır ki, hələ də sevinməkdən çəkinirik. Niyə? Buna haqqımız çatmırmı? Əlbəttə ki, çatır. Bizim alnımıza hər dəfə əsəbiləşmək və buna görə yuxumuza haram qatmaq yazılmayıb ki? Azərbaycan futbolunda nə yaxşı ki, “Qarabağ” var. Düzdür, digər klublarımızın və millinin timsalında da ara-sıra sevindiyimiz anlar olub. Ancaq razılaşın ki, azərbaycanlı azarkeşləri hələ “Qarabağ” qədər sevindirən olmamışdı.
“Qarabağ”ın səfərdə “Dnepr”i udacağı illər öncə kiminsə ağlına gələrdimi? Və ya “Sent-Etyen”i topa həsrət qoyub, İtaliya “İnter”i ilə başabaş oynayacağını kimsə düşünərdimi? Bunları bir kənara qoyaq, ən əsası, Azərbaycan komandasının əsl Avropa futboluna xas, sistemli oyun sərgiləyəcəyinə kim inanardı? Heç kim! “Qarabağ” bütün bu stereotipləri qırdı. Qurban Qurbanov sübuta yetirdi ki, milyonlarla pul xərcləyib, pafoslu açıqlamalar verib, sonra da geri çəkilməklə deyil. Gərək bacarığını işinlə isbatlayasan.
“Qarabağ”ı bu qədər təriflədiyimə görə məni qınayaq olacaqsa, deməli, problem onun özündədir. Tərif olunası şeyi tərifləyərlər. Azərbaycan xalqının belə tarixi qələbələrə ehtiyacı var. İndi ağzıgöyçəklər yüz faiz deyəcəklər ki, “Qarabağ” dünən bütün heyətlə müdafiə olundu. Birincisi, oyunun ilk hissəsi tamamilə bizimkilərin üstünlüyü şəraitində keçdi. Topa da daha çox “Qarabağ” nəzarət edirdi. Düzdür, fasilədən sonra üstünlük rəqibin tərəfinə keçdi. Amma bu, başa düşülən idi. “Dnepr” kimi komanda öz meydanında asan təslim ola bilməzdi. Bunun da məntiqi nəticəsi kimi, “Qarabağ” ikinci hissədə daha çox müdafiə olundu. Ən əsası, lazım olan tarixi qələbəni əldə etməyi bacardı. Əgər Berti Foqtsun dövründəki millimiz kimi, “Qarabağ” da ilk dəqiqələrdən müdafiəyə otursaydı, praqmatik oyunun hesabına heç-heçəyə ümid bəsləsəydi, onda irad tuta bilərdiniz. “Qarabağ” müdafiəyə oturanda da ağıllı futbol nümayiş etdirir və topu ələ keçirən kimi hara gəldi vurmurdu. Baxmayanlar, bizə qələbə gətirən qola diqqətlə baxsınlar. Qol qapıçının başladığı kombinasiyalı hücumun yekununda vuruldu, daha künc zərbəsindən sonra rəqib müdafiəçinin özü tərəfindən deyil. Məncə, artıq şərhə ehtiyac yoxdur.
“Görəsən, bu dəfə hansı hesabla uduzacağıq?” sualını verməkdən bezən azarkeşlər indi “Qarabağ”ın qrupdan çıxıb-çıxmayacağını müzakirə edir. Bunun özü inkişaf deyilmi? Əgər qarşıdakı 3 oyundan lazım olan nəticə əldə edilsə, “Qarabağ”ı növbəti mərhələdə görəcəyik. Niyə də bu sevinci yaşamayaq? Axı avtobusdakı sıravi vətəndaşın da dediyi kimi, “Qarabağ”ın oynadığı futbol zarafat deyil, həqiqətdir. Tarixdə isə yalnız həqiqətlər qalır.