"Foqtsla atəşkəs elan etmişik"
16 yanvar 2014 01:55 (UTC +04:00)

"Foqtsla atəşkəs elan etmişik"

0

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Antalyaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Albaniya “Partizani”si ilə yoxlama oyunundan (2:0) sonra hazırlıq prosesi haqda danışıb. 

- Hazırlıq prosesinin arxada qalan hissəsini dəyərləndirərdiniz... 
- Fakt göz qabağındadır. Oyunu gördünüz. Komandanı təhvil aldığın 4-5 gündə məşqləri davam etdiririk. İstəyimizə müəyyən mənada nail olmuşuq. Komanda öz əvvəlki oyununu bərpa edir. Daha çox hücum xətti üzərində çalışmalar fikir veririk. Mənə elə gəlir ki, komanda mövsümün ikinci yarısına hardasa 40-45 faiz hazırdır. Gələn həftədən hazırlığın növbəti mərhələsinə başlayacağıq. Qarşıda bizi “Fənərbaxça” ilə yoxlama oyunu gözləyir. Mən çox istəyirəm ki, özümüzdən güclü rəqiblə görüşək. Onda nöqsanlar daha tez üzə çıxır. Bu çatışmazlıqları görəcəyiksə, onların üzərində çalışacağı. 

- “Neftçi”nin yeni transferə ehtiyacı var? 
- Qətiyyən. Komandada yetərincə futbolçu var. İkinci qolu vuran Samir Məsimovun cəmi 18 yaşı var. Bu gün belə gənclərimiz varsa, onlara ümidlər bəsləyiriksə, niyə transferlər edək. Bilirsiz ki, İcraiyyə komitəsinin qərarına əsasən yeni mövsümdən limit də dəyişəcək. Bu pul deyil ki, yığaq bağlayaq. Legionerlərlə hesablaşmaq lazımdır. Bizdə kifayət qədər yaxşı legionerlər var. Elə onlardan istifadə etmək yetərlidir. 

- Oyun zamani Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla qardaş olduğunuzu elan etdiniz. Amma az əvvələ qədər ondan daha yaxşı nəticə verəcəyiniz deyirdiniz... 
- Mən yenə deyirəm ki, milliyə gəlsəm, daha yaxşı komanda quraram. Heç nə dəyişməyib. Foqtsla atəşkəs elan eləmişik və qardaşlaşmışıq. 

- Atəşkəs hansı müddətə nəzərdə tutulub? 
- Foqts nə qədər qalib gələcəksə, mən onu dəstəkləyəcəm. Uduzsa, başlayacağam. 

- “Fənərbaxça” Azərbaycan klubları ilə oyunlarda inamlı qələbələr qazanıb. Son görüş isə böyük hesabla bitmişdi. Siz belə aqibətlə üzləşməkdən çəkinirsiz? 
- Deyirsiz, bizə də çox vurarlar. Siz qətiyyən narahat olmayın. Bu gün onlar burda yoxlama oyunu keçirəcək. “Fənərbaxça”nın oyununa baxacam, lazımi təhlil edəcəm. Hər halda, sizin üzünüzü qara eləmərəm.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 954

Oxşar yazılar