Çempionlar Liqasında Dortmund “Borussiya”sına böyük hesabla uduzduqdan sonra Türkiyə Superliqasında “İstanbul Başakşehirspor”dan da 4 cavabsız qol buraxan “Qalatasaray”da baş məşqçi Çezare Prandellinin istefası məsələsi yenidən gündəmə gəlib. Düzdür, klub rəhbərliyi rəsmi açıqlama verərək, italyan çalışdırıcı ilə yola davam edəcəklərini bildirib. Bununla belə, Türkiyənin futbol ictimaiyyəti və “cim-bom” azarkeşləri Prandellinin istefasını tələb edir. Lent.az-ın məlumatına görə, “Qalatasaray”ın fanatları baş məşqçi postuna Mirça Luçeskunun gətirilməsini tələb edir. Qeyd edək ki, vaxtilə İstanbul klubunu çalışdırmış rumın mütəxəssis uzun müddətdir ki, “Şaxtyor”un (Donetsk) sükanı arxasındadır.
Türkiyənin tanınmış futbol ekspertlərindən olan Ahmet Çakar isə açıqlama verərək, “Qalatasaray”ın yeni baş məşqçisinin Georgi Haci olacağını iddia edib.