Böyükağa Hacıyevin “Neftçi” futbol komandasının baş məşqçi postuna qayıdışı rəsmiləşib. Lent.az-ın məlumatına görə, bu barədə klubdaxili toplantıda son müzakirələrdən sonra qərar qəbul edilib.
Flaqmanın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş iclasda məşqçilər korpusunun tərkibi müəyyənləşdirilib. Qərara əsasən, Hacıyevə Ruben Selyes Salvador (İspaniya) fiziki hazırlıq üzrə məşqçi, Samir Əliyev məşqçi, Neboyşa Manoyloviç (Serbiya) qapıçılar üzrə məşqçi, Bəxtiyar Musayev seleksiyaçı məşqçi kimi yardımçı olacaq. Kamal Quliyev isə əvəzedici komandada baş məşqçinin köməkçisi təyin edilib.
Qeyd edək ki, Böyükağa Hacıyev 2013-cü ilin iyulunda Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Skenderbeu”suna məğlubiyyətdən (0:0, 0:1-əlavə vaxtda) sonra istefa verib. Onu əvvəlki köməkçisi Tərlan Əhmədovun başçılığı ilə Bəxtiyar Musayev və Kamal Quliyevin də yer aldığı məşqçilər korpusu əvəzləyib. Lakin Əhmədovun da fəaliyyəti 3 ay çəkib. Azərbaycan Superkuboku uğrunda matçda “Xəzər Lənkəran”a 1:2 hesablı məğlubiyyətdən sonra “Neftçi”nin məşqçilər korpusu istefaya göndərilib. Baş məşqçi postu isə Nazim Süleymanova tapşırılıb. Süleymanov isə yanvarın 8-də istefa verib.