“Bakı”nın 2012-ci ili - YEKUN
29 dekabr 2012 11:57 (UTC +04:00)

“Bakı”nın 2012-ci ili - YEKUN

2012-ci ildə “Bakı” klubunun müxtəlif yaş qruplarının təmsil edən 4, o cümlədən gənclərdən ibarət əvəzedici komandası Azərbaycan çempionu titulunu qazanıb, əsas komanda isə ölkə kubokuna sahib olub. Lent.az-ın məlumatına görə, bu barədə “Bakı” klubunun Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə təbrikində bildirilir.

 

Rəsmi müraciətdə bu il klubun əldə etdiyi digər uğurlar da xatırladılıb. Komandanın təlim-məşq bazası ikinci inkişaf planının 2-ci mərhələsinə yekun vurulduğu, nəticədə 3 min azarkeş tutumlu stadion, 4 təbii futbol meydanının istifadəyə verildiyi vurğulanıb: “Klubumuz bu dəfə də yeni texnologiyalar və innovasiyalar tətbiq edərək irəliyə daha bir inamlı addım atdı. Klubumuzun təbii meydanları mütəxəssislər tərəfindən əla dəyərləndirildi. Bazamızı ziyarət edən Portuqaliya Futbol Federasiyasının futbol departamentinin rəhbəri Karlos Qodinyo “Bu həyatımda gördüyüm ən gözəl bazalardan biridir” deyərək “Bakı”nın işinə ali qiymət verdi”.

 


2012-ci ildə Azərbaycanda 17 yaşadək qızlar arasında keçirilmiş futbol üzrə dünya çempionatına “Bakı” da öz töhfəsini verib. Hazırlıq prosesini klubun bazasında keçirən Fransa milli komandası dünya çempionu titulunu qazanıb: “Ümumiyyətlə, “Bakı” futbol klubu əvəzolunmaz infrastrukturu ilə bu tədbirin yüksək səviyyədə reallaşmasında önəmli rol oynadı. Təxminən 2 ay ərzində klubumuzun bazasında 4 qitəni təmsil edən 16 milli komanda hazırlıq keçdi. Fransa, Qana, ABŞ, Almaniya, KXDR, İsveç, Braziliya, Kanada, Çin, Yaponiya, Meksika, Yeni Zelandiya, Nigeriya, Uruqvay, Kolumbiya, Qambiya kimi ölkələrin milli komandalarının nümayəndələri ”Bakı”nın təlim-məşq bazasında yaradılan ideal şərait və personalın diqqət və qayğısını dəfələrlə qeyd edib, bütün bunlara görə klubumuzun rəhbərliyinə təşəkkürlərini bildiriblər. Dünya çempionatının iştirakçıları onların sevimli məkanına çevrilən bazada 35 gün ərzində hərəsi iki saat olmaqla cəmi 68 məşq keçirib. Bütün qonaqlarımız “Çox sağ ol, “Bakı” deyərək, bazanı tərk etdilər”.


Eyni zamanda “Land of fire Azerbaijan!” ifadəsi artıq hər birimizə doğmalaşıb. Ölkəmizin adı televiziya yayımı milyardlarla ölçülən auditoriyalarda İspaniya “Atletiko”su ilə birgə çəkilib. “Bakı” “Atletiko” ilə ümumxalq layihəsinə start verib. Bu layihə sayəsində yüzlərlə Azərbaycanlı uşaq və yeniyetmə futbolçu 3 il ərzində İspaniyada təlim alacaq, ixtisasartırma kursları və mütəxəssis mübadiləsi aparılacaq, 2013-cü ilin martında “Bakı” futbolçularının ilk qrupu İspaniyaya yollanacaq. Uşaqlar orada məşq etməklə bərabər, təhsil də alacaq, sosial aksiyalarda iştirak edəcək, İspaniyanın müxtəlif liqalarında oynayacaqlar.

2012-ci ildə “Bakı” daha bir böyük klubla – Fransa “Lans”ı illə əməkdaşlığın əsasını qoyub. Fransalı əfsanəvi futbolçular Jan Pyer Papen və Olivye Dakur “Bakı”nın bazasını ziyarət ediblər. Yeni İldən etibarən fransalı seleksiyaçılar Azərbaycanda seçdikləri futbolçuları “Lans” futbol akademiyasına ezam edəcək, onların orada təlim almalarını təmin edəcəklər. Bu layihələr “Bakı” tərəfindən maliyyələşdirilir. 
 

“Bakı” rəhbərliyi komanda üzvləri, azarkeşlər, AFFA, Peşəkar Futbol Liqası ilə bərabər media nümayəndələrini də təbrik edib, Yeni İldə yaradıcılıq uğurları arzulamaqla bərabər daha geniş və səmərəli birgə fəaliyyətə dəvət edib.

# 565
avatar

Oxşar yazılar