Dadlı mürəbbə hazırlamaq  üçün nələrə diqqət edilməlidir? – "PÜF NÖQTƏLƏR" AÇIQLANDI
10 may 2024 20:15 (UTC +04:00)

Dadlı mürəbbə hazırlamaq üçün nələrə diqqət edilməlidir? – "PÜF NÖQTƏLƏR" AÇIQLANDI

Ev şəraitində hamı mürəbbə bişirir. Ancaq işin incəliyini hər kəs bilmir. Çünki mürəbbə bişirməyin də öz "püf nöqtələri" var.

Lent.az xəbər verir ki, əvvəla mürəbbə az miqdarda, yəni 2-3 kiloqramdan çox olmamaq şərti ilə bişirilməlidir. Əgər alüminium ləyəndə bişirilsə, mürəbbə bişdikdən sonra başqa qaba boşaldılmalıdır. Mürəbbə bişirilən qab yastı və enli olmalıdır ki, bişirilmə və mətə qoyma zamanı artıq su tez buxarlansın. Bişib və soyudulmuş halda şüşə, saxsı küplərə töküb sərin yerdə saxlanmalıdır.

Bunlarla yanaşı, mürəbbə bişirmək üçün tam yetişmiş meyvələr götürülməlidir. Çalışıb yumşaq və eyni ölçülü olanların seçin. Çünki kal meyvədən alınan mürəbbə bərk və büzüşmüş halda olur. 
Meyvə seçimindən əsas faktorlardan biri də meyvələrin düzgün və eyni formada doğranılmasıdır. Doğranılmış meyvələr qaralmasın deyə onları 0,5 -1 %li limonlu suda saxlamaq yaxşıdır. Alça, göyəm, gavalı mütləq bir-iki yerdən deşilməlidir ki, şərbət meyvələrə keçsin. 

Yumşaq meyvələr əhəng məhlulunda saxlanmalıdır ki, bişmə zamanı əzilməsin. Mürəbbələr müxtəlif cür hazırlanır. Birbaşa və bir neçə dəfə bişirilmə üsulu ilə edilir. 

Ən vacib nüanslardan biri də odur ki, mürəbbə bişirilərkən əmələ gələn köpük arada yığılmalıdır. Çalışmaq lazımdır ki, mürəbbənin içində köpük qalmasın. Limon turşusu bişməyə 10 dəqiqə qalmış əlavə edilir. Əgər siz mürəbbənin tam hazır olduğunu bilmək istəyirsinizsə, bunun bir neçə üsulu var. Birinci üsul ondan ibarətdir ki, meyvələrin mətin içində bərabər şəkildə yayılmasıdır. Onu nəlbəkiyə töküb soyudulmuş azacıq mürəbbə şirəsini qaşıqla sıyırıb iki yerə ayırırıq və o uzun müddət birləşməyəcək. Soyumuş mürəbbə damcısı yayılmadan öz formasını saxlayır. Bəzi meyvələr bişdikdə rəngi şəffaflaşır.

Hazır mürəbbəni isə 12 saat soyutmaq lazımdır. Çox adam mürəbbənin ağzını örtmək üçün qəzetdən istifadə edir. Ancaq bu doğru bir addım deyil. Mürəbbənin ağzı tənziflə örtülməlidir. Qapaqla örtüldüyü zaman qapaqda buxar suya dönür və mürəbbənin içinə tökülür, nəticədə mürəbbə turşuya bilər. 

Qeyd edək ki, mürəbbələri tökdüyümüz bankalar yuyulub və tam qurulanmış halda olmalıdır. Mürəbbəni bankaya yığdıqda fikir verməliyik ki, meyvə şirə ilə eyni bərabərlikdə olsun.

Bəzən olur ki, mürəbbə xarlanır. Xarlanmış mürəbbə hər kiloqramına 3 xörək qaşığı su əlavə edilib 5-8 dəqiqə qarışdırıla-qarışdırıla bişirilir. Qıcqırmış mürəbbə hər kiloqramına 200 qram şəkər tozu əlavə edib və yenidən qaynadılmalıdır. Əmələ gələn kəf yığılıb yenidən bankaya yığılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24789
avatar

Sevinc Fərid

Oxşar yazılar