"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin bugünkü püşkatmasını dəyərləndirib.
Lent.az-ın xəbərinə görə, o, yeni formatda keçiriləcək mərhələ barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“İlk dəfə yeni formatda keçirilən turnirdə iştirak edəcəyik. Əsas mərhələdə komanda sayı da artırılıb. Hər iştirakçı Avropa Liqasında minimum 8 oyun keçirəcək. Bu, heç də az deyil. Rəqiblərimiz arasında həm “Böyük beşlik” təmsilçiləri, həm tanış komandalar var. İlk dəfə qarşılaşacağımız rəqiblər də azarkeşlər üçün maraqlı olacaq. Liqa mərhələsinin startına qədər vaxtımız var. Bütün rəqibləri yaxından tanıdıqdan, tam analiz etdikdən sonra ətraflı fikir bildirmək mümkündür. Daha diqqətli, daha ciddi olmalıyıq. Hər bir rəqibə qarşı yalnız bir matç keçirəcəyik. Ona görə də xüsusilə ev görüşlərinə daha diqqətli yanaşmalıyıq”.
Baş məşqçi püşkün nəticəsindən razı qaldığını qeyd edib: “Püşkatmadan razı qaldım. İndi demək olar ki, əksər rəqiblər arasında bir o qədər fərq yoxdur. İstənilən komanda hər bir rəqiblə oyunda istədiyi nəticəni əldə edə bilər. Bütün rəqiblərimiz ciddi komandalardır. Qarşıdakı oyunlara hazırlaşacaq, komandanı daha sağlam, daha hazır etməyə çalışacağıq. Azarkeşlərimizə yaxşı, maraqlı futbol arzulayıram. Çalışacağıq ki, onlar oyunlarımızdan zövq alsınlar. Onlarla böyük futbolda görüşəcəyik”.
"Qarabağ" evdə "Ayaks" (Niderland), "Lion" (Fransa), "Malmö" (İsveç), FCSB (Rumıniya), səfərdə "Tottenhem" (İngiltərə), "Olimpiakos"(Yunanıstan), "Bodo Qlimt" (Norveç) və "Elfsborq"la (İsveç) qarşılaşacaq.