“Məğlub olmağı istəmirdik. Futbolçulara deyiləcək bir söz yoxdur. Çünki onlar da həm səfər, həm də ev oyunlarında çox əziyyət çəkdilər”.
Lent.az xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının play-off mərhələsinin oyununda “Dinamo” klubuna 2:0 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
“Çox qol epizodlarımız oldu, amma yararlana bilmədik. Müdafiəyə daha meyilli komandalar normalda bu cür oyunlardan qalib ayrılırlar. Lakin bizdə bu alınmadı. Mütləq şəkildə bu məsələyə diqqət ayırmalıyıq.
Futbol sürət oyunudur. Bizim futbolçuların sürətinə diqqət yetirsəniz, maksimal sürətimizin rəqibdən daha çox olduğunu görərsiniz. Yəni futbolçular yorğun deyildi. Əlbəttə, bu cür oyunlarda müsbət nəticə əldə etmək üçün daha çox çalışmaq lazımdır”.