İngiltərə Premyer Liqa komandalarından olan "Liverpul"un misirli ulduzu Məhəmməd Salah mövsümün sonunda başa çatacaq müqaviləsi ilə bağlı açıqlamalar verib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 7 ildən artıqdır ki, "Liverpul"da çıxış edən Məhəmməd Salahın İngiltərə Premyer Liqa nəhəngi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Gələcəyi qeyri-müəyyən olaraq qalan və adı bir çox komanda ilə hallanan Məhəmməd Salah NBC-yə verdiyi açıqlamada sərt açıqlamalar verib.
"Liverpul" rəhbərliyinin ona hələ yeni müqavilə təklif etmədiyini bildirən Salah, "məyus oldum" deyib.
Misirli ulduz açıqlamasında əlavə edib: "Dekabr ayına yaxınlaşırıq və hələ klubda qalmaq üçün heç bir təklif almamışam. Deyəsən, ayrılma ehtimalım qalma ehtimalımdan daha yüksəkdir".
Mövsümə kökləndiyini, İngiltərə Premyer Liqası və Çempionlar Liqasını qazanmaq istədiyini bildirən Salah, "məyus oldum, amma görəcəyik" deyib.
"Liverpul"da qalmaq istəyib-istəmədiyi ilə bağlı sualı cavablandıran Salah sözlərini "Bu, mənim əlimdə deyil" deyərək tamamlayıb.
Bu mövsüm bütün turnirlərdə 18 oyunda iştirak edən Salah 12 qol vurub, 10 məhsuldar ötürmə edib.