Rusiyanın Krasnodar diyarında məhkəmə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün rayon polis zabitini 9 il 5 ay müddətinə azadlıqdan məhrum edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, o, Cinayət Məcəlləsinin 286-cı (“Vəzifə səlahiyyətlərindən sui-istifadə”) və 228.1-ci (“Narkotik vasitələrin qanunsuz satışı”) maddələri ilə təqsirli bilinib.
Məhkəmənin müəyyən etdiyinə görə, 2021-ci ilin yanvar ayında sahə müvəkkili, polis əməkdaşı Yevgeni Krivçik narkotik maddə olan bağlamanı tanışına verərək ondan həmin maddəni başqa bir şəxsə ötürməsini istəyib. Polis əməkdaşı bu yolla həmin şəxsi tutmağı planlaşdırıb. Narkotik vasitənin ötürülməsindən sonra Krivçik üçüncü şəxsi saxlayıb, üzərindəki bağlamanı aşkarlayıb və hadisəni cinayət kimi rəsmiləşdirib.
Polis təqsirini boynuna almayıb, lakin sübutların cəmi məhkəmənin qərar qəbul etməsi üçün kifayət edbi. Məhkəmənin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin polis kapitanı rütbəsi də əlindən alınıb.