Futbol üzrə Almaniya kubokunun 1/8 final oyununda “Bayer” səfərdə “Bavariya”nı 1:0 hesabı ilə məğlub edib. Görüş Münhendəki "Alyans Arena"da baş tutub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qolu 69-cu dəqiqədə Natan Tella vurub.
17-ci dəqiqədə “Bavariya”nın qapıçısı və kapitanı Manuel Noyer birbaşa qırmızı vərəqə alıb. Qapıçı cərimə meydançası xaricində qaydaları pozaraq “Bayer”in müdafiəçisi Ceremi Frimponqaya qarşı kobudluq edib. 2011-ci ildən "Bavariya"da çıxış edən 38 yaşlı Noyer karyerasında ilk dəfə qırmızı vərəqə alıb.
“Bayer” ötən mövsüm Almaniya kubokunun sahibidir, Xabi Alonsonun komandası finalda “Kayzerslautern”i məğlub edərək (1:0) tarixdə ikinci dəfə kuboku qazanıb. Almaniya kubokunda qələbələrin sayına görə rekord "Bavariya"ya məxsusdur; Münhen klubu 20 dəfə turnirin qalibi olub.
“Bayer”in 1/4 finaldakı rəqibi daha sonra məlum olacaq. Bundan əvvəl 1/8 finalda “Arminiya” doğma meydanda “Frayburq”u 3:1, “Ştutqart” isə səfərdə “Yan Reqensburq”u (3:0) məğlub edib.