Ermənilər Fatih Terimə elçi düşdü
16 oktyabr 2009 10:45 (UTC +04:00)

Ermənilər Fatih Terimə elçi düşdü

“Türkiyə həqiqətən də dostluq istəyirsə, Fatih Terimi Ermənistana verməlidir”


Futbol üzrə Türkiyə milli komandasının baş məşqçi postundan ayrılan Fatih Terim Ermənistandan təklif alıb.


Lent.az-ın məlumatına görə, belə bir təkliflə Daşnaksutyun Partiyasının orqanı olan “Yerkir Weekly” qəzetinin baş redaktoru Ruben Markaryan çıxış edib.


Markaryan bildirib ki, Türkiyə həqiqətən də dostluq istəyirsə, Fatih Terimi Ermənistana verməlidir. Bununla da erməni jurnalist öz yığmalarının baş məşqçi postunda türkiyəli mütəxəssisi görmək istədiklərini büruzə verib.


“Asparez” Qəzetçilər Cəmiyyətinin sədri Levon Barseqyan isə oktyabrın 14-də Bursa şəhərində keçirilmiş 2010-cu il dünya çempionatının seçmə qrup matçında Ermənistanın Türkiyəyə 0:2 hesabı ilə yox, böyük hesabla yeniləcəyini gözləyirmiş. O, fikirlərini belə əsaslandırıb: “Əslində Fatih Terimin son matçı olması səbəbindən ən azı 0:3 hesabı ilə yeniləcəyimizi düşünürdük. Amma 0:2 hesablı məğlubiyyətimiz hətta bizi sevindirdi”.


Qeyd edək ki, Ermənistan yığmasına 2008-ci ilin martından Vardan Minasyan rəhbərlik edir. Düşmən ölkə millisi son seçmə mərhələni 10 oyundan 1 qələbə, 2 heç-heçə, 7 məğlubiyyətlə 5-ci qrupda sonuncu – 6-cı pillədə tamamlayıb.

Elşən
# 568

Oxşar yazılar