Avropanın turizm baxımından ən cəlbedici ölkələrindən biri olan İspaniya saysız-hesabsız maraqlı şəhər və qəsəbələri ilə məşhurdur. Onlardan biri də Setenil-de-las-Bodeqasdır. Bu unikal yaşayış məntəqəsi son günlər səyahət bloqerlərinin diqqətini çəkib.
Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qayaların içində ağ evlər
Qəsəbə öz ağ rəngli evləri ilə tanınır. Onlar birbaşa ətrafdakı qayaların altına və içinə tikilib. Bloqerlərin sözlərinə görə, sakinlər burada sözün əsl mənasında "qayaların altında yaşayırlar".
Şəhərin dar küçələrində ağ binalar, qara eyvanlardan sallanan bitkilər və günlüklərlə bəzədilmiş restoranlar yerləşir. Qəsəbəni ziyarət edənlər həm burada gecələyə, həm də qayaların altında yerləşən kafelərdə və restoranlarda nahar edə bilərlər.
Setenil-de-las-Bodeqas Rio-Guadalporcun çayının üzərindəki qayaların altında salınıb. Burada təxminən 2600 nəfər yaşayır. Qəsəbənin məşhur küçələrindən biri isə "Günəşli mağaralar küçəsi"dir. Burada da bir çox bar və restoran məhz qayaların içində yerləşir.
Səyahət bloqerləri hesab edir ki, İspaniyaya səfər edən hər kəs bu qəsəbəni mütləq görməlidir. O, həm memarlığı, həm də unikal təbiət mənzərəsi ilə turistlərə unudulmaz təəssüratlar bəxş edir.