AFFA-dan “Muğan” və “Qəbələ”yə şok cərimə
29 dekabr 2009 10:10 (UTC +04:00)

AFFA-dan “Muğan” və “Qəbələ”yə şok cərimə

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün keçirilən iclasda Salyanın “Muğan” klubu 6 min manat, “Qəbələ” 5 min manat, Sumqayıt “Standard”ı və Bakı “İnter”i isə hərəyə 1000 manat cərimələnib.


“Muğan”ın ödəyəcəyi məbləğin 5 min manatı klubun yarımmüdafiəçisi Vüsal Hüseynovun “Xəzər-Lənkəran”la oyunun 84-cü dəqiqəsində rəqib futbolçuya tüpürməsi səbəbindən əmələ gəlib. Hüseynov buna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan qovulub. İntizam Komitəsi klubu ağır cəriməyə məruz qoymaqla yanaşı, futbolçunu 6 oyunluq cəzalandırıb. Bu cəzanın yarısı şərtidir. Yəni, Hüseynov qarşıdakı 6 ay müddətində qayda pozuntusuna yenidən yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq və yeni sanksiya əvvəlkinə tam əlavə ediləcək.


“Qəbələ”yə tətbiq edilən cərimə isə eyniadlı şəhər stadionunda “İnter”lə qarşılaşmadan sonra azarkeşlərin törətdiyi iğtişaşlar olub. Onlar matçın baş hakimi Əfqan Həmzəyevin şəxsi maşınının və "İnter" klubuna məxsus avtobusun şüşəsini sındırıblar. Stadionda və ona bitişik ərazilərdə təhlükəsizlik təmin olunmadığı üçün "Qəbələ" 5000 manat cərimələnib, kluba oyunun baş hakiminin və "İnter" klubunun təqdim edəcəyi sənədə əsasən hər iki tərəfə dəymiş zərəri ödəmək haqda göstəriş verilib. Oyun zamanı 4 futbolçunun sarı vərəqə alması üzündən “İnter”ə 1000 manat cərimə kəsilib. Eyni məbləğdə cərimə “Karvan”la qarşılaşmada 5 oyunçusunun sarı vərəqə alması ilə əlaqədar “Standard”a tətbiq olunub.
# 782

Oxşar yazılar