Çempionlar Liqası: “Qalatasaray”ın taleyi italiyalı hakimlərin əlində
05 dekabr 2012 19:00 (UTC +04:00)

Çempionlar Liqası: “Qalatasaray”ın taleyi italiyalı hakimlərin əlində

Futbol üzrə Çempionlar Liqasında dekabrın 5-də keçiriləcək daha 8 görüşlə qrup mərhələsinə yekun vurulacaq. Lent.az-ın məlumatına görə, VI turun ikinci oyun günündə 1/8 final mərhələsinə son 3 vəsiqə sahibini tapacaq.

E qrupunda turnirin son qalibi “Çelsi”nin növbəti mərhələyə yüksəlmə şansları təkcə öz əlində deyil. Premyer Liqada, hətta yeni baş məşqçi Rafael Benitesin rəhbərliyi altında da qələbə qazanmayan İngiltərə təmsilçisi bu gecə iki vəzifənin öhdəsindən gəlməlidir. “Zadəganlar” heç bir iddiası qalmayan “Nordşelland”a qalib gəlməklə bərabər, Ukraynadan şad xəbər gözləməli olacaqlar. “Şaxtyor” yalnız “Yuventus”u yenəcəyi təqdirdə, “Çelsi”nin 1/8 finala yolu açılacaq. “Qoca sinyora”nı isə bu oyunda heç-heçə də qane edir. Çünki şəxsi görüşlərdə “Yuventus” “Çelsi”dən üstündür – 3:0, 2:2.

“Şaxtyor” (Ukrayna) – “Yuventus” (İtaliya)
Baş hakim: Yunas Eriksson (İsveç)

“Çelsi” (İngiltərə) – “Nordşelland” (Danimarka)
Baş hakim: Bas Neyheys (Hollandiya)

1. “Şaxtyor” – 10
2. “Yuventus” – 9
3. “Çelsi” – 7
4. “Nordşelland” - 1

F qrupundakı oyunlar isə yalnız 1-ci yerin sahibini müəyyənləşdirmək baxımından önəmlidir. 5 turdan sonra “Bavariya” ilə “Valensiya” eyni xala malikdir. Şəxsi oyunlarda üstünlüyə (2:1, 1:1) malik olan “Bavariya” artıq 3-cü yeri təmin etmiş BATE ilə görüşdə xal itirməməlidir. Əks halda, “Valensiya” heç bir iddiası qalmayan “Lill”i səfərdə yenərək, 1-ci pilləni ələ keçirə bilər. Fransa təmsilçisi “yarasalar”a qalib gəlsə və belaruslular uduzsa belə, 3-cü pilləyə yüksələ bilməyəcək. Çünki şəxsi oyunlarda BATE “Lill”dən üstündür – səfərdə 3:1, evdə 0:2. Məhz səfər qolu postsovet məkanı komandasını Avroliqanın 1/16 final mərhələsinə çıxarıb.

“Lill” (Fransa) – “Valensiya” (İspaniya)
Baş hakim: Aleksandar Stavrev (Makedoniya)

“Bavariya” (Almaniya) – BATE (Belarus)
Baş hakim: Uilyam Kollam (Şotlandiya)

1. “Bavariya” – 10
2. “Valensiya” – 10
3. BATE – 6
4. “Lill” – 3

G qrupunda “Barselona” 1-ci pillənin sahibi kimi 1/8 finala vəsiqəni təmin edib. “Spartak” isə bütün iddialarından məhrum olub. Hərəyə 7 xala malik “Benfika” və “Seltik” 2-3-cü yerləri bölüşdürür. Şotlandiyalılar evdə Rusiya komandasını yensələr, portuqaliyalılar isə İspaniyada xal itirsələr, 2-ci pillənin sahibi “Seltik” olacaq. Amma hər iki oyunda heç-heçə “Benfika”nı 1/8 finala çıxaracaq. Çünki bu klub şəxsi görüşlərdə “Seltik”dən üstündür – 0:0, 2:1.

“Seltik” (Şotlandiya) – “Spartak” (Moskva, Rusiya)
Baş hakim: Feliks Brıx (Almaniya)

“Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya)
Baş hakim: Sveyn Moen (Norveç)

1. “Barselona” – 12
2. “Benfika” – 7
3. “Seltik” – 7
4. “Spartak” - 3

H qrupunda isə “Mançester Yunayted” qrup liderliyini təmin edib. 1/8 finala vəsiqə verən 2-ci pillə uğrunda “Qalatasaray” və ÇFR mübarizə aparır. Türkiyənin yeganə təmsilçisi Rumıniya komandası ilə eyni xala malik olsa da, şəxsi oyunlarda üstünlüyə malikdir – 1:1, 3:1. Bu iki klub son turda heç bir iddiası qalmayanlarla – müvafiq olaraq, “Braqa” və “Mançester Yunayted”lə səfərdə üz-üzə gələcək. Portuqaliya təmsilçisi qrupda yeganə qələbəsini məhz “Qalatasaray” üzərində qazanıb. İngiltərə komandası isə ötən tur “sarı-qırmızılar”la görüşdəki kimi, ehtiyat oyunçulardan faydalansa, ÇFR-in xal qazanmaq imkanı yaranacaq. Bu səbəbdən, “Cim Bom” Portuqaliyada yalnız 0:2 hesablı ev məğlubiyyətinin intiqamını almağa çalışmalıdır. Hazırda bu klubun əsas problemi qapıçı Fernando Musleranın durumu ilə bağlıdır. Ötən həftəsonu “Qaziantepspor”la Superliqa matçında zədələnən Muslera “Braqa”ya qarşı oynamaya bilər. Maraqlıdır ki, bu qrupda keçiriləcək hər iki matçı italiyalı hakimlər briqadası idarə edəcək.

“Mançester Yunayted” (İngiltərə) – ÇFR (Rumıniya)
Baş hakim: Daniele Ursato (İtaliya)

“Braqa” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə)
Baş hakim: Nikola Ritsoli (İtaliya)

1. “Mançester Yunayted” - 12
2. “Qalatasaray” – 7
3. ÇFR - 7
4. “Braqa” - 3

Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
# 1265

Oxşar yazılar