Gəncliyində onu səhnədə görməmişəm. Elə çox filmlərə də çəkilməyib, bəlkə də çəkilib, amma yaddaşlarda qalmayıb. Yaşlaşdıqca insan kamilləşir, sənətkarın kamilləşməsi daha çox gözə çarpır. Məsələn, söhbət açdığım sənətkarın adı çəkiləndə daha çox iki obrazı gözlərim önündə canlanır, hər üçün peşəkar, ahıl vaxtlarının obrazlarıdır - “Qızıl uçurum”-da Qurban kişi, “Tütək səsi”ndə İsfəndiyar... Bir də “Nəzimi”də Şeyx Əzəm.
Söhbət xalq artisti, bizim daha çox “Tütək səsi” (İsfəndiyar kişi), “Bəxtiyar” (professor Rəcəbov), “Nəsimi” (Şeyx Əzəm), “Bir qalanın sirri” (həkim Eldostu) filmlərindən tanıdığımız Məmmədrza Şeyxzamanovdan gedir. Lent.az Azərbaycan kinosunun ağsaqqal simasının həyat hekayətini danışacaq.
Şeyxzamanovlar dahi Nizaminin qohumlarıdır. Gəncə ilə bitmir bu nəslin şəcərəsi. Gəncədə onları daha çox İmamzadə kompleksinin havadarları kimi tanıyırlar.
Hacı İsa bəy də o nəslin nümayəndəsidir - Məmmədrzanın atası. İmamzadəni mühafizə etmək ona nəsildən-nəslə miras qalmışdı. Gəncənin sayılıb-seçilən nəslinin nümayəndəsi, hörmətli adamlardan idi. Xanımı Böyükxanımla yaxşı yaşayırdılar. İlk evliliyindən övladı olmayan Hacı İsaya Böyükxanımla nikahı iki övlad bəxş etmişdi.
1915-ci ilin 4 avqustunda dünyaya gələn oğlunun adını Məmmədrza qoyurlar.
Onun dünyaya gəlişindən çox keçmir, atası dünyasını dəyişir. Başçısını itirən ailə bu zərbədən sarsılıb, yeni qüvvə toplayıb özlərinə gəlincə illər keçir.
Evinin xanımı olan Böyükxanım İsa bəydən sonra işləməyə məcbur qalır. Həm artıq 1920-ci il sovet işğalından sonra idi, var-dövlətləri əllərindən alınmışdı, ailəsini saxlamalıydı, həm də sovet qadını gərək işləsin, təhsilsizdisə fabrikdə, zavodda, kolxozda işləməlidir. Böyükxanım da Gəncə toxuculuq fabrikində işləyirdi.
Olan-qalanlarının əllərindən alınması ilə kifayətlənməyən rejim yaşadıqları evi də onlardan almaq istəyirdi. Böyükxanım ev tamam əldən çıxmasın deyə, evlərinin fabrik olmasına razılıq verdi, əvəzində böyük bir otağı yaşamaq üçün saxlaya bildi.
Yoxsulluq belə başladı. Böyük mülkdən bir otağa sıxışdılar, yalnız fabrikdə işləməklə aldığı məvacibin ümidinə qaldı ailə. Bu azmış kimi, nəslin seçilmiş nümayəndələrindən hər gün bir-ikisini sürgün edir, həbs edir, ölümə məhkum edirdilər.
Məmmədrza Şeyxzamanovun əmisi oğlu və bacısının həyat yoldaşı Nağı Şeyxzamanov Cümhuriyyət dönəmində təhlükəsizlik orqanına rəhbərlik etmişdi. İşğaldan sonra Türkiyəyə gedə bilib. Onun qardaşı Əhmədi isə həm də onu bəhanə gətirib, edam ediblər.
Məmmədrzanın qardaşı Ələsgər Şeyxzamanov Cümhuriyyətin xaricdə təhsil almağa göndərdiyi parlaq gələcəyi olacağı gözlənilən, talesiz tələbələrdən biri idi.
Doğma yurduna qayıda bilməyib, ömrünün sonuna qədər İtaliyada yaşadı.
Böyükxanım ailənin başına gələnləri və hələ gətiriləcəkləri görüb, qızı Həmidəni hələ yeniyetmə ikən Güney Azərbaycandan bir oğlana ərə verir. Çox keçmədi, sərhədlər İranla sovet rejimi arasında tamam bağlandı və ana baladan, bacı qardaşdan ayrı düşdü, həsrət düşdü araya.
Məmmədrza uşaqkən bütün bu olaylar onun gözləri qarşısında cərəyan edib. Ailənin yükünü uşaq çiyinlərində də hiss edib, balaca ikən həm oxuyub, həm də işləməyə başlayıb.
Gəncə İnşaat Texnikumunda oxuyanda özünü aldığı təqaüdlə dolandırırdı. Oxuduğu illərdə həm də teatr dərnəyinə gedirdi. O vaxtın uşaqları çox cəfa çəkdiklərindən çıxış yolu axtara-axtara müxtəlif sahələrdə özlərini sınayır, təhsilə, əməyə meylli idilər.
İlk dəfə 1934-cü ildə dram dərnəyinin səhnəsində onu görən Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılov teatrın nəzdindəki studiyaya dəvət edir.
İlk rolu teatrın səhnəsində "Hind qızı" tamaşasında Brahma adlı kiçik rol olub.
Ardınca Eldar ("Vaqif), Fərhad ("Fərhad və Şirin), İmamyar ("Yaşar"), Yuri ("İki qardaş") kimi əsas rollarla çıxır səhnəyə.
Bu münvalla, Gəncədə onu tanımağa sevməyə başlayırlar. Onun oynadığı tamaşalara ona görə teatra gələn tamaşaçılar arasında bir qız da vardı.
On səkkiz yaşında bu qız gənc aktyorun pərəstişkarı idi. Bütün rollarını görmüşdü.
Nərgiz adlı bu qızın cəhdləri bir gün öz bəhrəsini verir, sevdiyi aktyorla şəxsən tanışlıqları sevgiyə yol açır. Məmmədrza Şeyxzamanov Gəncə kimi mühafizəkar bir şəhərdə sevdiyi qızın adı dilə-dişə düşməsin deyə münasibətlərini tez rəsmiləşdirmək istəyir. Amma ailəsinin razılığını ala bilmir. Bir zamanlar Gəncənin varlı-hallı nəsli sayılan Şeyxzamanovların övladına kasıb olduğu üçün qız vermək istəmirlər. Bu da dövranın belə gərdişi.
Aktyor qızı qaçırmalı olur. 1939-cu ildə ilk övladları – qızları Kəmalə dünyaya gəlir. Nigar Məmmədrzanın məsləhəti ilə təhsil alır.
Elə bilir ki, nəhayət, həyatında hər şey öz axarına düşüb, daha çətinliklər arxada qalıb, rahatlığa qovuşub. Məmmədrza Şeyxzamanov bir vaxtlar özü təcrübə topladığı dram dərnəyinə indi rəhbərlik edirdi.
Amma qabaqdan hələ daha bir repressiya dalğası gəlirdi. Nəsildən hələ güdaza getməyənlər qalmışdı, Məmmədrza Şeyxzamanov özü hədəfdə idi.
Bu dəfə qardaşı Ələsgərin arvadını və qızını apardılar. Aktyor xanımına boşanmağı təklif edir - qızımı da, özünü də sürgündən xilas etmiş olarsan - deyir. Onun özündən əvvəl bu təklifi Nərgizə artıq sovet DTX-dan vermişdilər. Nərgiz isə yox, ərim harda, mən də orda - deyə cavab verir.
Qazaxıstana sürgün olunan bütün azərbaycanlılar kimi, onlar da min bir məşəqqətdən keçirlər. Soyuq hava, yad mühit, qəribçilikdə bir gün bir il gəlirdi onlara. Dünyaya gələn övladlar da sanki belə tale ilə barışmırmış kimi gəlməklərinə peşman olub, ölürdülər. Şeyxzamanovların da əkiz oğulları olması ilə ölmələri bir oldu.
Ərlə arvad ikisi də məktəbdə işləyirdilər. Ətrafdakı azərbaycanlılarla birləşib, yaşlılara dayaq, cavanlara ümid olub günləri başa vururdular.
Çox dözə bilmir, yeddi ildən sonra ailəsini də götürüb, Gəncəyə qayıdır Şeyxzamanov. Uzun müddət hərəsi bir tərəfdə məskunlaşır ki, qayıtmaqları gözə çarpmasın.
Qohum-əqrəbanın qanadına sığınmışdılar, işləyə də bilmirdilər. Bir gün onu Gəncə teatrında “Vaqif” tamaşasında görüb aktyor kimi tanıyan Səməd Vurğuna məktub yazıb kömək istəyir. Şairin köməkliyi ilə Gəncə teatrında işə bərpa olunur.
Bundan sonra aktyorun həyatı normal axara düşür. 1954-cü ildə Gəncə teatrının səhnəsindəki uğurları onu gətirib Bakıya - Akademik Dram Teatrının səhnəsinə çıxartdı.
"Fərhad və Şirin"də Xosrov, "Yaşar"da İmamyar, "Antoni və Kleopatra"da Edqar, "Ölülər"də Hacı Həsən, "İblis"də İxtiyar, "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi obrazlara bu teatrın səhnəsində can verdi Məmmədrza Şeyxzamanov.
Ömrünün sonuna qədər bu teatrda çalışdı. “Azərbaycanfilm” kinostudiyasında fərqli obrazlarda çəkildi. Çox sevildi, Azərbaycan teatr və kinosunun ağsaqqalı kimi simvollaşdı.
"Qatır Məmməd"də Gəncə qubernatoru, "Böyük dayaq"da Şərəfoğlu, "Kölgələr sürünür"də Qafar Niyazov, "Əhməd haradadır"da Şirin kişi, "Liftçi qız"da rəssam, “Qızıl uçurum”da Qurban kişi kimi obrazları var kinomuzda. Hamısı öz xarakterinə yaxın.
Deyərsən ki, aktyor yalnız xarakterik obrazlar yaradıb. Yox, Onun “Nəsimi” filmindəki Şeyx Əzəm obrazı hansımızda nifrət yaratmayıb?
Sənətkarlıq da elə budur, özünə yad olan tipləri məharətlə yarada bilmək.
Birgə çətinliklərdən keçdiyi ailəsinə isə həmişə sədaqətli olub. Afaq, Aytən adlı daha iki qızı var.
1974-cü ildə ona xalq artisti fəxri adı verildi. Ona qədər artıq ad almışdı.
Teatr kollektivi ona “yaxşı kişi” deyirdi.
“Yaxşı kişi” 1984-cü il yanvarın 25-də altmış doqquz yaşında vəfat edib. Qazaxıstanda sürgün həyatı yaşayan, repressiyalardan sıyrılıb çıxan sənətkar 70-in bir addımlığında köçdü dünyadan.
Ölümündən sonra “İblis” tamaşasındakı roluna görə dövlət mükafatına, həyatdakı roluna görə isə əbədi yaşamağa layiq görülüb...