Halit Ergenc İstanbulda doğulub. Atası Sait Ergenc də aktyor olub. Atasının məşhur aktyor olması, musiqi və şeir yazması uşağa təsirsiz ötüşməyib. Musiqiyə və sənətə olan məhəbbət ona atasından keçib.
Atası beş dəfə evlənib. Halitin anası onun ikinci evliliyidir. Oğlan ibtidai sinifdə oxuyanda atası ilə anası boşanıb və ata yenidən evlənib. Halit onun ilk oğludur, sonrakı xanımından daha bir oğlu da olub. Qalan üç xanımdan hərəsindən iki qızı var. Bir sözlə, Halitin çoxlu bacısı var. Aktyorun dediyinə görə hər övladı olanda atası uşağı götürüb onlara gəlirmiş və Halitin anasına göstərib – bir gör, nə şirindir-deyirmiş. Dəfələrlə evlənsə də Atası dünyasını dəyişəndə cibindən Halitin anasının fotosu tapılıb. Anası da dünyasını dəyişib.
Orta məktəbi bitirəndən sonra Halit dənizçi peşəsini seçib Texniki Universitetə qəbul olunur. Çox təəccüblü seçim idi, yaxınları onun musiqiçi, yaxud aktyor olacağını gözləyirdilər. Haliti isə dənizin romantikası cəlb etmişdi, daha dərinliyinə varmamışdı ki, bu ali məktəbi bitirmək üçün bir yığın texniki ədəbiyyat oxumaq lazımdır. Bir il sonra anladı ki, bu peşə ona görə deyil və sənədlərini alıb Konservatoriyanın opera müğənniliyi, vokal və rəqs fakültəsinə verdi. Burda təhsil ala-ala hiss etdi ki, aktyor olmaq istəyir. Aktyorluq üçün qət etdiyi yoldan hərdən sapdırmağı var, amma bunlar hamısı dolanışıq üçün idi. Gələcək aktyor marketoloq da olub, operator işləyib. Hətta bir müddət müğənni Pekanın truppasında rəqqas kimi fəaliyyət göstərib.
Türkiyənin teatr səhnəsində Halit Ergencin debütü 1996-cı ildə oldu - “Kral və mən” müziklində. Səhnədəki gənc, yaraşıqlı aktyor televiziya işçilərinin diqqətini dərhal cəlb edib. Tez-tez onu televiziya reklamlarına, səhnəciklərə rola dəvət ediblər. İlk çəkildiyi serial isə “Qara mələk”dir. Ardınca bir-neçə serial daha oldu.
Sonra yarım il Amerikada yaşayıb. Elə bil, kənara çəkilib ki, Türkiyə mədəniyyətinə ordan baxsın. Və Türkiyəyə özünün müzikli ilə qayıdıb. Həmin vaxtı da Halit öz karyerasının başlanğıcı hesab edir.
2000 – ci ildən Halit tammetrajlı bədii filmlərdə çəkilməyə başlayıb.
Çox sayda seriallarda və filmlərdə rol alıb- “Aliyə” serialı, “Ata və oğul” dramı, “Zerda”, “İlk məhəbbət”, “Ölüm izi” və sair.
Karyerasında önəmli yeri “Min bir gecə” serialı tutur. Bu filmə görə aktyor “Qızıl kəpənək” də alıb.
“Möhtəşəm yüz il” serialı onun şöhrətini bir az da artırdı. Sultan Süleyman obrazı isə oynadığı obrazların sultanıdır.
Bu serial demək olar ki, bütün dünyada yayımlanıb. Aktyorun dediyinə görə bu obrazda özünün yuxuda da görürmüş, yəni obraza o qədər daxil olub. Sultan Süleyman yalnız tarix kitablarından tanıdığımız qəhrəman deyil-deyir: ”Mən elə bir şəxsiyyəti canlandırırdım ki, onun bütün daxili təlatümlərini, qəlb döyüntülərini, gücünü, zəifliklərini verməyə borclu idim. Qəhrəmanımın daxili mübarizəsini göstərməli idim”.
Halit Ergenc iki dəfə evlənib. Birinci xanımı Gizemlə cəmi altı ay bir yerdə yaşayıblar. Keçmiş xanımının dediyinə görə Halit onu hamiləliyini pozmağa məcbur edirmiş. Ona görə ayrılmalı olublar.
“Min bir gecə” serialının çəkilişləri Halit Ergencin sevgisini tapmasıyla nəticələnib. Serialda birgə çəkildikləri aktrisa Bergüzar Korellə tez bir zamanda evləniblər.
Aktyorun dediyinə görə bu qadınla o xoşbəxtliyinə qovuşub. Bir oğulları da var. Adını Əli qoyublar. Bir yerdə işləyir və bir yerdə yaşayırlar.
Aktyor səsini də işlədir. Əla oxuyur. Arzusu çəkildiyi filmdə mahnı ifa etməkdir.