Sevgi və xəyanət burulğanı, güllərə qərq edilən tabut, dəfn qadağası... – HƏYAT HEKAYƏTİ
09 fevral 2021 09:00 (UTC +04:00)

Sevgi və xəyanət burulğanı, güllərə qərq edilən tabut, dəfn qadağası... – HƏYAT HEKAYƏTİ

Dünyadan vaxtsız köçən insanların həyatı elə bil sürət qatarına yüklənmiş olur. Hər dayanacaqda dayanmayan, sürətlə, üz tutduğu yolun sonuna tələsən qatara.

Sovet aktyoru Andrey Mironovu da taleyi surət qatarına mindirmişdi, gedirdi. Nə etmişdisə, surətlə, daha çox etməyə çalışmışdı elə bil. Daha çox film, daha çox obraz və daha tez tanınıb sevilmək...  

Lent.az-ın məlumatına görə, Andrey Mironov 1941-ci ildə martın 7-də Moskvada dünyaya gəlib. Valideynləri martın 8-nə yazdırıblar ki, doğum günü bayram gününə düşsün. 

Anası Mariya Mironova, atası Aleksandr Menaker Rostovda qastrolda rastlaşanda hər iksi ailəli olublar. Sevgiləri o qədər alovlu olub ki, hər ikisi ailəsindən ayrılıb və birləşiblər. Moskvada estrada teatrında işləyirdilər. Mironova və Menaker adlı yumoristik və musiqili duetlə çıxış edirdilər.

Andrey, demək olar ki, teatrda dünyaya gəlib, anasının sancıları səhnədə başlayıb.  

Uşaqlıqdan teatrda böyüyüb, kulisdən səhnədəki valideynlərini izləyirdi. İlk dəfə səhnəyə 5 yaşında olarkən çıxıb. Anası danışır ki, tamaşanın ortasında tamaşaçılardan gurultulu gülüş və alqış sədası yüksəldi: “Dönüb gördüm ki, Andrey düz səhnənin ortasında əlini əlinə vurub gülür. Necə aludə olubsa, tamaşaya çıxıb səhnəyə”. 

Evlərinə gələn bütün aktyorları parodiya edərmiş Andrey. Hamı anlayırmış ki, bu uşaq aktyor olacaq.

1948-ci ildə Andrey Moskvada 170 saylı məktəbə gedib.

Uşaqlığı çox qayğısız keçib. Futbol oynayır, döş nişanlarının kolleksiyasını toplayır, çoxlu filmə baxırdı. Həm də sinifdə avtoritet sayılırdı.

Üçüncü sinfə qədər Andrey atasının soyadını daşıyıb - Menaker. 40-cı illərin sonunda SSRİ-də yəhudilərə qarşı “kosmopolitizmlə mübarizə” siyasi kompaniyası başlayır, Aleksandr Menakeri teatrdan xaric edirlər. 1950-ci ildə ata oğlunu ana soyadına keçirir ki, uşağın problemi olmasın. 

1952-ci ildə Andrey ilk dəfə filmə çəkiləcəkdi, amma çəkiliş vaxtı meydançadan qovulub.

Kasıb uşaq rolunda çəkilməli idi, cındır köynək geyinməkdən imtina edir, nə qədər çalışırlarsa alınmır, neçə kadr məhv olandan sonra Ptuşko onu çəkiliş meydançasından qovur.

7-ci sinifdə oxuyanda Andrey teatr studiyasına yazılıb, uşaq tamaşalarında oynayırdı. Valideynləri onun aktyor olmasını istəmirdilər. 

Anası Andreyi diplomat görmək istəyirdi. Ata-anası qastrolda olanda Andrey gizlicə sənədlərini Şukin adına teatr məktəbinə verir. İmtahanlarda necə həyəcanlanıbsa, burnundan qan açılıb. Ona görə də təmsili dəfələrlə təkrar deməli olub, nəticədə əla qiymətlə çıxıb imtahandan. İosif Rapoportun sinfinə düşən gələcək aktyor əla qiymətlərlə oxuyurdu.

Tələbələrə dərs vaxtı filmə çəkilmək qadağan edilmişdi. Sonuncu kursda Andrey kino sınaqlarına getməyə başlayıb. Hətta bir filmə çəkilib, o qədər maraqlı obraz yaradıb ki, müəllimi onu bağışlayıb.

Andrey 1962-ci ildə teatr məktəbini əla bitirir, onu Satira teatrına işə qəbul edirlər.

25 il həmin teatrda çalışıb. Teatrın baş rejissoru Valentin Pluçek idi, aktyor tezliklə onun favoriti olub. Rejissor - bu gəncin qeyri-adi temperamenti və talantı var - deyib.

Tezliklə Satira teatrına bilet tapmaq qəhrəmanlığa dönür. Mironovun oyununda nə isə maqnit kimi çəkirdi tamaşaçını.

Andreyin kino fəaliyyəti rejissor Aleksandr Zarxinin “Mənim kiçik qardaşım” filmi ilə başlayır. Bu, onun kinoda ilk ciddi işi idi.

Onun ardınca “Üç üstəgəl iki” komediyası uğurla nümayiş olundu. Andrey üç məzəli dostun birini oynayırdı.

1965-ci ildə Mironov Andrey Ryazanovun “Avtomobildən qorunun” əfsanəvi filmində rol alır. Onun ifası kinotənqidçilərin tərifindən düşmürdü.

Bundan sonra Andrey Mironovun çəkildiyi filmlər ardıcıllıq təşkil edir və sadəcə uğura məhkumdur. Rejissorlar məhz onu filmlərinə çəkmək üçün növbələşirlər.

“Ədəbiyyat dərsi”, “Həyata bərabər il”, “Brilyant əl”. Sonuncu filmdə aktyorun daha bir istedadı açılır – ifası. Oxuduğu “Talesizlik  adası” mahnısı hitə çevrilir.  

Ondan sonra çəkildiyi bütün filmlərdə həm də mahnı oxuyurdu.

Eldar Ryazanovun “Qoca quldurlar” və İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” filmlərində çəkiləndən sonra aktyora əməkdar artist fəxri adı verilib.

Sonuncu adıçəkilən filmdə çəkilişlərdə italyan aktyorları heyrətə gəliblər ki, belə də aktyor olar, bütün tryuklarda özü çəkilir.

Ən çox uğur qazandığı muzikllar idi, kinematoqraf onun sayəsində qazanırdı. 

Qızıl fonda daxil olan daha bir film onun iştirakı ilə “12 stul” filmi idi.

Çoxseriyalı filmdə Andrey Mironov Ostap Bender roluna çəkilib.

1981-ci ildə populyarlığı o həddə çatmışdı ki, baş rola tərəf müqabilini özü seçirdi, rejissor yox. “Mənim ərim olun” filminə Yelena Proklova belə seçilmişdi.

Filmin çəkilişləri vaxtı şayiə yayılmışdı ki, onlar həqiqətən sevgilidir. Sonralar həqiqətən də Mironov belə fikrə düşmüşdü, amma aktrisa yox. Çəkilişlərin sonunda aktrisa dekorator Aleksandr Adamoviçlə sevgili çıxdı.

Tənqidçilərin fikrincə, aktyorun əsil istedadı “Mənim dostum İvan Lapşin” filmində açılıb. Andrey Mironovun qəhrəmanı filmdə vanna otağında özünü güllələməyə cəhd etməsini necə yaradıbsa, indiyə qədər teatr və kinoaktyorluq fakültələrində o epizod tədris olunur. 

Andrey Mironovun şəxsi həyatında sevgi romanı çox olub. Qadınlar onun dərdindən dəli olurdular. Heç özü də az qadınpərəst deyildi. 1971-ci ildə ilk dəfə Yekatrina Qradova ilə evlənib - “Baharın on yeddi anı” filminin Keti. (https://lent.az/xeber/heyat-hekayeti/meshur-aktyoru-seven-professor-qizi-sohretin-zirvesinden-keci-saxlamaga-enen-rabiteci-colorred-heyat-hekayeticolor-353812)

Bir qızları da dünyaya gəlir – Mariya Mironova, indi aktrisadır. Cəmi üç il sonra ayrılırlar, Mironovun xəyanəti ucbatından.  

İkinci arvadı aktrisa Larisa Qolubkina olub. 10 il sevgili olandan sonra evləniblər, aktrisa ona ərə getməyə razılığı belə gec verib.

Mironov onun qızı, aktrisa Mariya Qolubkinanı öz adına yazdırıb.

Evli olduğu halda da sevgililəri olub. İndiyə qədər onun əsil sevgisinin Tatyana Yeqorova olduğu dillərdə danışılır.

İllər sonra Tatyana “Andrey Mironov və mən” adlı avtobioqrafik roman yazıb. Aktrisa yalnız sevgilərindən deyil, teatr həyatı, həmkarlarının Mironovun parlaq istedadını qəbul edə bilmədikləri barədə çox həqiqətləri qələmə alıb.

İlk dəfə Mironovun səhhətində problem özünün 1978-ci ildə büruzə verib, Daşkənddə qastrol vaxtı.

Beyninə qan sızmışdı, həkimlər meningitdən olduğunu deyiblər. İki aya müalicə olunub teatra qayıdan aktyoru tamaşaçıları gül yağışına tutmuşdular.

80-ci illər onun üçün ağır illər oldu. Bütün bədəni ağırlaşıb ağrıyırdı, beynində ağır əməliyyat keçirməli oldu.

Xəstəlik onu nə filmdən, nə də səhnədən ayıra bilməmişdi.

1987-ci il avqustun 5-də Andrey Mironovun ən yaxın dostu , aktyor Anatoliy Paponov mənzilində ölmüş vəziyyətdə tapılır. Papanov hamam vannasında ürək tutmasından ölmüşdü. Ondan əvvəl aktyor onu kiminsə boğmağa cəhd etdiyini dəfələrlə dilə gətiribmiş. Hətta buna görə baxıcıya da gedib.

Andrey Mironov yaxın dostunun bu şikayətinə səhlənkar yanaşmaqda günahlandırırdı özünü, özünə bağışlaya bilmirdi.

Məzarının başında mən indi sənsiz necə qalacam, necə oynayacam? - deyib: “Xahiş edirəm məni də apar özünlə”.

Pərəstişkarları da bu xahişini aktyora bağışlaya bilmirlər ki, özü ölümünü xahişlə alıb.

1987-ci ilin yayında Mironov teatrla Riqaya qastrola getmişdi.

Avqustun 14-də səhər oteldə yaxşı səhər yeməyi yeyir-kolbasa, pendir, üstündən kofe. Kökəlməkdən çox qorxduğu üçün həmişə belə yeməzdi. Sonra da gedib tennis oynayır. Riqada hava çox isti imiş həmin gün. Bu da azmış kimi, tərləməsi üçün xüsusi kombinzonla düşüb parkda qaçır.

Axşam tamaşada səhnənin ortasında huşunu itirib yıxılır. Moskva teatrının bədii rəhbəri dərhal onu səhnənin arxasına aparıb, süni nəfəs verməyə başlayır. Özünə gəlmədiyini görüb, səhnəyə çıxır, tamaşaçılara biletlərini qaytarıb getməyi xahiş edir.

Kiminsə təşviş içində özünə gəlməsi üçün ona verdiyi nitroqliserin, vəziyyətə əks effekt göstərib, arteriya damarı partlayıb. Tamaşaçılar arasında həmin vaxt təsadüfən Riqada olan tanınmış neyrocərrah Eduard Kandel də olur. Həkim onu ayıldıb, xəstəxanaya götürür.

Həkimin həmkarları ilə məsləhətləşmə uzun çəkir. Onların otaqdan çıxanda simalarında ölüm ifadəsi olub. Diaqnoz qorxulu idi - beyin damarlarının partlaması nəticəsində beyinə qan sızması.  

İki gün sonra - 1987-ci il avqustun 16-da  46 yaşlı Andrey Mironov dünyayla vidalaşır. Daha doğrusu, onu zorla “yaşadan” aparatdan ayırmağa qərar verilir.  

Həmin axşam Mironov yenə səhnəyə çıxmalı idi. Tamaşaçılara biletləri qaytarıb, pullarını geri almağı xahiş etdilər. Lakin heç kim kassaya yaxınlaşıb bileti qaytarmadı.

Aktyorun nəşini Riqadan Moskvaya gətirdikləri yol boyu əhali küçələrə çıxıb, ehtiramla onu müşayiət edirdilər. Onu gətirən maşın güllərə qərq edilmişdi.

Avqustun 20-də onu dəfn etdilər, dəfndə həmkarlarından heç kim iştirak etmirdi, rəhbərlik qastrolu pozmağa heç kimə icazə verməmişdi...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 42393
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar