Məşhur aktyoru sevən professor qızı, şöhrətin zirvəsindən keçi saxlamağa enən “rabitəçi” – HƏYAT HEKAYƏTİ
19 may 2020 09:16 (UTC +04:00)

Məşhur aktyoru sevən professor qızı, şöhrətin zirvəsindən keçi saxlamağa enən “rabitəçi” – HƏYAT HEKAYƏTİ

 

Yekaterina Qradovanı “Baharın on yeddi anı” filmindən tanıyırıq. Rabitəçi Ket, polkovnik İsayevin Berlində tərəf müqabili.

 

Yekaterina Qradova Moskvada böyüyüb. Atası memar, professor Georgi Qradov Pamir dağlarını fəth edəndə faciəli surətdə həlak olub. Anası Raisa Qradova teatr aktrisasıdır. Anası ilə səhnə kulislərində böyüsə də onun yolunu davam etdirmək kimi yanğılı həvəsi olmayıb.

Hətta orta məktəbi bitirəndən sonra Moskva Xarici Dillər İnstitutuna qəbul olunub. Elə həmin fakültədə anlayıb ki, səhnədə olmaq istəyir.

Sənədlərini alıb, Teatr İnstitutuna verir və Vasili Markovun sinfinə düşür. Artıq 4-cü kursda tanınmağa başlayır. Mayakovski adına teatrın səhnəsində “İstedadlar və pərəstişkarlar” tamaşasında baş rolu ilə həm tamaşaçıların, həm də teatr tənqidçilərinin diqqətini çəkə bilir.

Təyinatını Satira teatrına alıb. 1987-ci ilə qədər orda işləyib. Teatrdan yalnız kinoya çəkilmək üçün çıxıb. 

Cəmi 11 filmdə çəkilib, amma yaddaşlarda qalıb. İstər teatrda, istərsə də kinoda yaratdığı rolların zirvəsində “Baharın on yeddi anı” çoxseriyalı bədii filmində çəkildiyi rabitəçi Ket obrazıdır. Bu rolla Rusiya kino tarixinə adını yazıb.

Onun ardınca “Görüş yerini dəyişmək olmaz” filmində yaratdığı cazibədar fırıldaqçı Svetlana Volokuşina rolu da klassik obrazlar silsiləsinə daxil olub. Bununla belə, aktrisa müsahibələrində bu rola nifrət etdiyini bildirib, “hətta adını belə xatırlamaq istəmirəm o rolun” - deyib.

Ulduz aktyor Andrey Mironov onun birinci əri olub. Hələ tələbəlik illərində tanış olublar. Andrey onun diplom tamaşasında olub, gənc aktrisanı görən kimi vurulub və arxasınca gəlməyə başlayıb. 1971-ci ildə evləniblər.

İki il sonra qızları, indi məşhur aktrisa olan Mariya Mironova dünyaya gəlib.

Məşhur cütlüyün izdivacı isə uzun sürmür. Yekaterina xəyanəti bağışlamaqdan bezib, ərini tərk edir.

Tərk etsə də aktrisa həyat yoldaşını çox sevirdi, ona görə də saysız evlənmə təkliflərini rədd edib. Yalnız Andrey Mironov dünyadan köçəndən sonra Yekaterina başqa kişilərlə ünsiyyətdə olmağı özünə rəva bilib. Amma Andrey Mironov öləndən sonra onun həyatında uzun depressiya dövrü olub. Səhnəni, kinonu tərk edib. Özünə çəkilib, ibadətə başlayıb. Uzun sürən depressiyadan sonra dünyanın faniliyinə inanıb, göz önündə solmağa başlayıb. Hətta xəstəxanada olduğu yeni il ərəfəsi onu həkimlər evə buraxıb ki, son yeni ilini ailəsi ilə qarşılasın.

Birdən-birə, özünün dediyinə görə, Allaha inamı onu dünyaya qaytarıb. Özü xeyriyyə fondu yaradıb. Kİmsəsiz uşaqlara və tənha qocalara yardım edir. Özünün yaratdığı “Canlı söz” elmi ilə ali məktəblərdə mühazirələr deyir. Dərsləri Yevangeliya və rus klassik ədəbiyyatı üstündə qurur.

1991-ci ildə aktrisa ikinci dəfə ailə qurub. Fizika alimi İqor Timofeyevlə. Bir il sonra uşaq evindən Aleksey adlı uşağı övladlığa götürüblər.

Sənətdən gedəndən sonra heç vaxt geri qayıtmayan Qradova indi içkiyə qurşanmış oğulluğunu həyata qaytarmaq üçün mücadilə aparır. İçkiyə qurşanmış oğlu Aleksey Suxoverkov onun Moskvadakı mənzilində yaşayır. Qonşular əlindən şikayətçidir. Gecələr çox səs-küy olur, şübhəli adamlar gəlir, ordan yarıçılpaq qızlar çıxır - deyirlər.

 

***

Moskva kənarında adi bir evi, həyəti var. Qonşu evlərdən heç nə ilə seçilməyən bu həyətin sahibləri dovşan, keçi saxlayırlar. “Rabitəçi Ket” həyat yoldaşı ilə burada ömrünün ahıl çağını yaşayır. Tez-tez xəstəxanada müalicə alır, səhhətindən şikayətlənir...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 102487
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar