Bakıda yağan güclü yağış qəzalarsız ötüşməyib.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis leytenantı Rüstəm Əhmədli məlumat verib.
O bildirib ki, bu gün paytaxtda yağan yağış səbəbilə maddi zərərlə nəticələnən 31 yol-nəqliyyat hadisəsi qeydə alınıb:
Rüstəm Əhmədli
“Baş verən qəzaların səbəbi yollardakı meteoroloji durumun sürücülər tərəfindən düzgün qiymətləndirilməməsidir. Hava şəraiti ilə əlaqədar sürücülərdən xahiş edirik ki, sürət həddini meteoroloji şəraitə uyğun olaraq seçsinlər və ara məsafəsinin saxlanılmasına diqqət yetirsinlər”.
R. Əhmədli həmçinin qeyd edib ki, 2021-ci ilin 8 ayında paytaxtda 321 yol-nəqliyayt hadisəsi olub. Nəticədə 127 nəfər ölüb, 264 nəfər xəsarət alıb:
“Bu hadisələrin də 182-i piyadavurmadır ki, nəticədə 80 nəfər ölüb, 108 nəfər yaralanıb. O cümlədən, azyaşlılarla bağlı yol qəzalarının sayı 14-ə çatıb. Bu səbəbdən də 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb".