Vəkillər dalaşdı
04 oktyabr 2013 00:10 (UTC +04:00)

Vəkillər dalaşdı

Vəkillər Anar Qasımlı ilə Elçin Sadıqov arasında qalmaqal yaranıb.

Lent.az-ın xəbərinə görə, sosial şəbəkələrdə bir-biri ilə bağlı ittiham dolu açıqlamalar yazan vəkillərin mübahisəsi moderator.az saytının direktoru Pərviz Həşimlinin müdafiəsi ilə bağlı yaranıb.

Vəkil Anar Qasımlının bildirdiyinə görə, onun P. Həşimliyə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında heç bir işgəncə verilməməsi və həbsinin AXCP sədri Əli Kərimli ilə bağlı olmaması barədə mətbuata dedikləri Həşimlinin ailəsinin etirazı ilə qarşılanıb: “Bu gün MTN-nin istintaq şöbəsində jurnalist Pərviz Həşimli ilə görüşdüm. Görüşdə vəkil Elçin Sadıqov da iştirak edirdi. Məlum olduğu kimi dünən moderator.az saytında Pərvizin məndən imtina etməsi barədə xəbər verilmişdi. Pərvizin ailə üzvləri Elçinə istinadən Pərvizin məndən imtina etdiyini bildirmişdilər. Onlar imtinanın səbəbi kimi də mənim Pərviz haqqında ziddiyyətli məlumatlar yaymağımı göstərmişdilər. Mən əvvəlcə Pərvizin ailəsi ilə əlaqə saxladım. Onlar Elçinə istinadən faktı təsdiq etdilər, amma sonra Elçinə zəng etdim. Lakin Elçin özünü bilməməzliyə vurdu. Daha sonra isə məsələni guya ailə üzvləri ilə dəqiqləşdirdiyini, məndən imtinanın əsl səbəbinin deputat İqbal Ağazadə ilə yaxın olmağımla izah etdiklərini bildirdi. Mən də Elçinə burda anlaşılmazlıq olduğunu, İqbal bəylə məhz Pərvizin istəyi ilə görüşdüyümü və onun kömək xahişini çatdırdığımı dedim”.

Anar Qasımlı yazıb ki, P. Həşimli bu gün MTN-də onun və Elçin Sadıovun iştirakı ilə olan görüşdə də ona işgəncə verilmədiyini, AXCP sədri Əli Kərimli əleyhinə ifadə verməyə məcbur edilmədiyini təsdiqləyib: “Ona görə də mən Pərvizdən məndən imtina etməsinin səbəbləri barədə açıqlama verməsini xahiş etdim. Lakin Elçin Pərvizin yazılı açıqlama verməsinə mane olmağa çalışdı. Buna baxmayaraq, Pərviz zəruri yazılı açıqlama verdi. Həbsdə olan adamın yazdığı açıqlamanı paylaşmağı özümə sığışdırmıram. Amma şübhə edənlər olsa, göstərə bilərəm. Pərviz İqbal Ağazadəyə də məktub yazaraq, ailəsinin onunla bağlı dediklərinə görə üzrxahlıq edib və kömək istəyib”.

Anar Qasımlı daha sonra E. Sadıqovun ünvanına ittihamlar səsləndirib: “Mənə kimsə deseydi ki, sənə qarşı bu çirkin aksiyanı üzdə dost deyən Elçin Sadıqov təşkil edib, buna inanmazdım. Amma bu gün buna şahid oldum. Dostluq-yoldaşlıq da bura qədərmiş. Onun bu hərəkətlərinə görə, Vəkillər Kollegiyasına və məhkəməyə şikayət edəcəyəm”.

A. Qasımlı daha sonra yazıb: “Bir daha deyirəm, Pərvizə işgəncə verilməyib, ondan kiminsə əleyhinə ifadə alınmayıb. Kiməsə, hansısa məqsəd üçün şou yaratmaq lazımdırsa, lütfən, bunu mənim işgüzar nüfuzum üzərindən etməsin”.

E. Sadıqov isə bu gün ona P.Həşimli ilə bağlı işi aparan müstəntiq Elşən Murtuzovdan zəng gəldiyini yazıb: “Mən bilirdim ki, onların P.Həşimlinin Anar Qasımlıdan imtina etməsi haqqında ərizə yazmasından xəbərləri var idi və bu, onları çox sarsıtmışdı”.

E. Sadıqov yazıb ki, bu gün saat 14.05-də MTN-də olub: “Müstəntiq Elşən Murtuzovu şahidlər üçün ayrılmış otaqda gözlədim. Bir azadan Anar Qasımlı gəldi. Biz Elşənin otağına getdik. Anar imtinanın mətbuatda dərc edilməsindən narahat idi. Bu təbii ki, başadüşülən idi. Lakin başa düşülən deyildi ki, müstəntiq ondan çox narahat idi. Təxminən 20 dəqiqədən sonra Pərvizi gətirdilər. Onlar, yəni Anarla Elşən Pərvizin üzərinə düşdülər ki, o ərizə yazsın ki, işgəncəyə məruz qalmayıb və onun həbsi Əli Kərimli ilə bağlı deyil. Mən buna etiraz etdim”.

E. Sadıqov yazıb ki, daha sonra Pərvizə belə ərizə yazmamağı tövsiyyə edib, buna görə də müstəntiq və Anar Qasımlı ilə bir saatdan çox mübahisə edib: “Müstəntiq müdafiəçidən imtina edilməsi barədə protokolu yazdı və Pərvizlə mən protokola imza etdik. Sonra Anar da imza etdi və nə isə yazdı protokola. Hiss olunurdu ki, Anar ondan imtinanın əsı səbəbini gizlətmək üçün məni günahlandırmağa çalışırdı”.

E. Sadıovun yazdığına görə, daha sonra bir az da mübahisələri olub və o, gedib: “Sonradan bildim ki, mən gəldikdən sonra ondan psixi təsir etməklə ərizələr yazdırıblar. Hələ indiyədək MTN-dən ərizə yazdırıb çıxardan görməmişdim. Amma Anara belə ərizəni nəinki çıxarmağa, hətta yazdırmağa da kömək etdilər. Anar Qasımlının mənim barəmdə yazdıqlarının hamısı şər-böhtandır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1967

Oxşar yazılar