Rusiyanın paytaxtı Moskvanın Vnukova hava limanında havaya qalxan zaman qartəmizləyən maşınla toqquşan və nəticədə qəzaya uğrayan təyyarənin qara qutusu çözülüb. Lent.az-ın məlumatına görə, Beynəlxalq Aviasiya Komitəsinin nümayəndələri Sergey Zayko və Aleksey Morozov birlikdə araşdırma apardıqdan sonra bununla bağlı açıqlama veriblər. Qeyd edək ki, 4 nəfərin ölümünə səbəb olan qəza zamanı şəxsi təyyarə havaya yenicə qalxıb və 248 kilometr sürət yığıbmış. Təyyarə havaya qalxmamışdan öncə texniki nasazlıq aşkar olunmayıb. Morozov qəza ilə bağlı bunları deyib: “Təyyarənin havaya qalxmasına icazə verilib və bundan sonra pilot heyəti göstərişi yerinə yetirməyə başlayıb. Ancaq bir qədər sonra qartəmizləyən maşın təyyarə ilə toqquşub”.
Qeyd edək ki, pilot heyəti qartəmizləyən maşının yolu kəsdiyini təyyarə havaya qalxandan 14 saniyə sonra müəyyən edib. Az sonra isə təyyarə ilə qartəmizləyən maşın toqquşub. “Qara qutu”dakı araşdırmaya əsasən, toqquşma öncəsi təyyarədə nasazlıq baş verməyib. Hazırda səs araşdırmaları aparılır və bundan sonra Beynəlxalq Aviasiya Komitəsinin nümayəndələri qəza ilə bağlı yeni açıqlama verəcəklər.