Professor: “Şahidlərə psixoloji yardım edilməsi barədə üç müəssisəyə göstəriş verilib”
01 may 2009 16:30 (UTC +04:00)

Professor: “Şahidlərə psixoloji yardım edilməsi barədə üç müəssisəyə göstəriş verilib”

Baş psixoloq deyir ki, qanlı hadisənin şahidləri mütləq həkimə müraciət etməlidirlər

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi şahidlərin psixologiyasında hansı izləri buraxacaq, vəziyyətdən hansı çıxış yolları var? Suallarımıza Respublikanın baş psixoloqu, professor Nadir İsmayılovdan cavab aldıq.

Gözlərinin qarşısında tələbə yoldaşları güllələnən, qan gölməçələrinin üzərindən adlayaraq dərs keçdikləri məkanı tərk edən tələbələr həyatları boyu yəqin ki, bu hadisəni unuda bilməyəcəklər. Nadir İsmayılov deyir ki, həssaslığı yüksək olan tələbələrin vəziyyəti bir qədər çətin olacaq: “Həmin tələbələrdə nevrotik reaksiyaların olması mümkündür. Müəyyən qorxu hissi ilə də uzun müddət yaşaya bilər. İnsanların hadisəyə münasibəti müxtəlif olacaq. Elələri də olacaq ki, bir-iki günə hadisənin şokundan çıxıb, normal həyatını davam etdirəcək. Amma hadisənin tamamilə unudulması mümkün deyil. Lakin unudulmasa da bir çoxlarında heç bir iz qoymadan da keçə bilər. Ona görə də Səhiyyə Nazirliyi tərəfindən üç müalicə müəssisəsində hadisənin şahidlərinə psixoloji yardım göstərilməsi barədə göstəriş verilib. Süleyman Rüstəm küçəsində yerləşən 2 saylı Psixiatriya Xəstəxanası, Bakı şəhər Ruhi-Əsəb Dispanseri və Uşaq Dispanserində yardımlar göstəriləcək. Həmin müəssisələrdə çox güclü mütəxəssislər var, onlar zəruri tədbirləri görəcəklər. Əsasən profilaktik müalicələr təşkil olunacaq. Mənə elə gəlir ki, problem olmayacaq. Düzdür, biz də bir neçə adamda güclü reaktiv halın, nevrotik proseslərin olmasını gözləyirik. Bu kimi hallarda da onları müalicə edəcəyik və çalışacağıq ki, az itki ilə hadisəni unutsun”.

Professor hadisə baş verən məkanda dərslərin saxlanılmasına qarşıdır. O, deyir ki, lazımı təmizlik işləri aparıb, xırda təmirdən dərhal sonra dərslərə başlansa, akademiya öz işini nə qədər tez bərpa etsə, hadisə də bir o qədər tez unudular. Onun sözlərinə görə, əksinə, dərslərin saxlanılması daha pis təsir göstərə bilər: “Yaxşı təmizlik işi aparıb dərslərə başlayanda tələbələr görəcəklər ki, hər şey öz qaydasındadır və həyat davam edir. Yavaş-yavaş adaptasiya olunacaqlar. Dərsləri nə qədər saxlayacaqlar ki? Həmin günlərdə dərsə getməyən tələbələr nədən dərsə getməmələri səbəbindən hadisəni daim yaşayacaqlar”.

Nadir İsmayılov hadisənin şahidi olan bütün tələbələrin həkimə müraciət etməsini məsləhət gördü: “Bu hadisənin travması qala bilər. Hadisənin şokunda bunu başa düşmək çətin olsa da sonra hiss edəcəklər. Valideynlər də bu işdə övladlarına kömək etməlidirlər. Həkim yardımı ilə gələcəkdə rastlaşa biləcəkləri arzu olunmaz hallardan uzaqlaşa bilərlər. Psixoterapiya və dərmanlarda istifadə etmək də lazımdır. Bu məsələyə ötəri baxmasınlar”.

Professor deyir ki, düzgün müalicə və bir qədər zaman hadisədən travmasız ötüşməmizə yardım edəcək.

Qeyd edək ki, mayın 1-də gənclər və idman nazirinin müavini İntiqam Babayev də Lent.az-ın əməkdaşına açıqlamasında hadisənin şahidlərinə psixoloji yardım göstərilməsinin vacib olduğunu deyib: “Çox böyük hadisədir, hadisənin şahidləri dərin sarsıntı keçiriblər. Buna görə onlara psixoloji yardım göstərilməlidir. Artıq mütəxəssislərlə bu istiqamətdə iş aparılır. Şahidlərə psixoloji yardım göstəriləcək”

Səbinə Əvəzqızı

# 833
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar