Sibirdə  dəvə saxlayan   azərbaycanlı - MARAQLI
20 may 2024 21:31 (UTC +04:00)

Sibirdə dəvə saxlayan azərbaycanlı - MARAQLI

Dünyanın istənilən sakininə Rusiyanın Sibir regionu barədə təsəvvürləri soruşularsa, o, hədsiz soyuq, daim qar və çovğunun hökm sürdüyü ərazini təsvir edəcək. İlk baxışda Sibir kimi soyuq yerdə istinin, səhranın simvolu sayılan dəvəni təsəvvür etmək çətin olar. Amma Sibirin mərkəzində - Omsk vilayətinin Krutinski rayonunda yaşayan Azərbaycan əsilli fermer Təbriz Allahyarov bu stereotipi dağıdıb, mümkünsüzü mümkün edib. O bir vaxtlar Sibir üçün ekzotik sayılan dəvələrə sahib olub və bölgədə, bütün Rusiyada məşhur olub.

Lent.az Rusiya mediasında azərbaycanlı fermer Təbriz Allahyarov barədə çıxan materialı təqdim edir.

Sibirdə ekzotika

Sibir mənzərələrinin fonunda gəzən dəvələr. Belə bir şəkil hər kəsi təəccübləndirə bilər, lakin Krutinsk rayonunun sakinlərini deyil... 10 il əvvəl rayonun Yaman kəndindən olan azərbaycanlı fermer Təbriz Allahyarov uşaqlarının dəvə almaq xahişini yerə salmayıb və Sibirdə dəvə saxlamaq qərarına gəlib. O birdən-birə doğma kəndinə 5 dəvə gətirib.

“Biz Azərbaycanda, vətənimdə olanda uşaqlarımla dağlarda dəvə gördük. Və o andan etibarən uşaqlarım onlara dəvə almağı hər gün xahiş etməyə başladılar. Uşaqları çox sevirəm, mübahisə üçün heç bir əks-arqument tapa bilmədim və onların xahişindən imtina etmədim. Mən uzun müddət dəvə axtarırdım. Onları rayonumuza gətirmək çox çətin idi”, – deyə Təbriz Allahyarov xatırlayıb.

O, dəvələr Yaman kəndində məskunlaşandan bəri çox maraqlı hadisələrin olduğunu deyib gülür. Kənd Omsk-İşim yolunun yaxınlığında yerləşir. Bir gün Allahyarovun iki donqarlı dostlarından biri federal magistralda nəqliyyatın hərəkətini iflic edir. Yavaş-yavaş yolu gəzən dəvənin fotosu federal mediada yayılır. İnsanlar heyvanın sadəcə soyuq havaya görə "Omskdan getməyə çalışdığını" zarafat kimi deməyə başladılar. Lakin fermer Təbriz Allahyarov qeyd edir ki, bu, heç də belə deyil. Yaman dəvələri heç də insanlardan qorxmur və sevgi ilə davranır. Həmin dəvə sürüdən ayrılıb və sadəcə yemək axtarmaq üçün yola çıxıb.

“Onlara dərhal çox diqqət yetirilməyə başlandı. Hələ-hələ Sibirdə. Dəvələrim insanlara öyrəşiblər və yad insanlar tərəfindən yemlənməklərinə çox sevinirlər. Əvvəlcə çox gülməli hadisələr baş verirdi. Bir dəfə sərxoş bir balıqçı çayın sahilində yuxuya gedib, gözlərini açanda isə bir dəvənin yaxından ona baxaraq, onu iylədiyini görüb. Və bu kimi hadisələr dəfələrlə baş verib. Belə görüşlərdən təsirlənən bəzi sibirli insanlar alkoqollu içkilərdən əl çəkiblər”, - deyə fermer gülərək xatırlayır.

Onlar ot və kartofu sevirlər

Dəvələr çoxdan yerli ulduz olmağa öyrəşiblər. Onlarla şəkil çəkdirmək istəyənlərə reaksiya vermirlər. Sakitcə otlayır, inəklərlə tarlada gəzirlər. Təbriz xatırlayır ki, o, ilk vaxtlar fermasında ekzotik heyvanların necə kök salacağından qorxurdu, buna görə gözlərinə yuxu getmirdi. Amma bunun boş yerə olduğu ortaya çıxır. Dəvələrə xaricdən xüsusi yeməklərin gətirilməsi tələb olunmur. Sibir çöllərindəki saman, ot, taxıl və digər dənli bitkiləri yemək onlara kifayət edir. Onlar gicitikən, ağcaqayın budaqlarını və kartofu da sevirlər. Kartof axtarmaq üçün bəzən dəvələr qonşuların bağlarına basqın da edirlər.

“Mən dəvəçilik haqqında çox oxumuşam. Əvvəlcə internetdə günləri sırf bu barədə oxumaqla keçirdi. Azərbaycandakı qohumlarıma zəng edib məsləhət alırdım. Daha bu heyvanların təsərrüfatda çox sadə olduqları ortaya çıxdı. Dəvələr iddiasız, kaprizsiz heyvanlardır”, fermer deyir.

Əvvəlcə həmkəndlilər fermerin dəvə saxlamaq fikrindən ehtiyat edirdilər. Amma Sibirdə dəvələrə maraq var idi. Səhra gəmisi kimi tanınsa da bu heyvanların Sibir soyuğuna tab gətirə bilməyəcəyi hər kəsi narahat edirdi. Lakin heyvanlar soyuğa inamla tab gətirdilər. Əsas olan,  şaxtanın gəlməsi ilə, dəvələrin öz donqarlarındakı qida ehtiyatını davamlı olaraq yeməsi və yun tüklərinin maksimum uzadılmasıdır.

“Mənim dəvələrim artıq bir neçə dəfə bala verib. Doğuş çəkisi 25 kiloqramdır, artıq olmur. Havanın isti olduğu cənub ölkələrində dəvə balaları tez quruyur. Ammma burada, Sibirdə, qışda doğulsalar, dəvə balalarını isitmək lazımdır. Biz onları fenlə quruduruq. Təxminən üç-dörd saata məsələ həll olunur”, deyə Təbriz Allahyarov deyir.

O əlavə edir ki, dəvələr heyrətamiz canlılardır. Bədən istiliyini 34 dərəcə ilə 40 dərəcə dəyişdirə və uzun müddət susuz qala bilərlər. Ancaq sonra bir anda 200 litrə qədər su içmək vərdişləri də var. Davamlı susuzluq şəraitində dəvə öz çəkisinin dörddə birinə qədərini itirir. Amma eyni zamanda özünü yaxşı hiss edir.

“Onun burun dəlikləri və gözləri səhrada sağ qalmaq üçün xüsusi quruluşa malikdir. Bu heyvanların əla görmə qabiliyyəti var. Bir kilometr aralıda yeriyən insan, hərəkət edən avtomobil isə 3 kilometrdən görür. Ləng hərəkət etmələrinə baxmayaraq, onlar 40 kilometrə qədər sürətlənə bilirlər”.

Fermer Allahyarov uzun illərdir ki, heyvandarlıqla məşğul olur. Damazlıq inək, qoyun və atların yetişdirilməsi onun əsas istiqamətləridir. “Dəvə isə daha çox mənəvi rahatlıq, könül üçündür”, - o deyir. İndi fermerin 7 iki donqarlı heyvanı var. Sürünün lideri “Oskar” tez-tez ağzında köpük və aşağı dodağı sallanmış vəziyyətdə gəzir. Təbriz bunu ilk dəfə görəndə qorxaraq dəvənin xəstə ola bilməsi ilə əlaqələndirib. Amma sonra məlum olub ki, heyvan bu yolla sürünü qoruyur və yad adamlara yaxınlaşmamaq barədə xəbərdarlıq edir.

“Dəvələr əhilləşdirilməsi asandır. Amma onlar kinlidir. İndi onları incitsən və ya döysən, sonra mütləq xatırlayacaqlar. Həmin adama mütləq tüpürürlər. Dəvə tüpürcəyini yumaq isə asan deyil. Və qoxusu xoşagəlməzdir. Əgər onlara yaxşılıq etsən, onlar da eyni cür cavab verərlər”.

Omsk vilayətində 1917-ci il çevrilişindən əvvəl də dəvə yetişdirildiyi məlumdur. Əhali arasında dəvənin yunu və südü qiymətli idi. Süddən müalicəvi içki - şubbat hazırlanırdı. Həmin içkinin sağlamlığı zəif olan insanlar tərəfindən içilməsi tövsiyə olunmurdu.

Təbriz Allahyarovun ferması Yaman kəndində yeganə fermadır. Onun ferması Krutinsk rayonunun ən böyük ferması olmaqla yanaşı, ən məşhuru sayılır. Dəvə saxlamaq sahibinə çox pul gətirmir, amma fermer onlardan qurtulmağı planlaşdırmır. Axı dəvələr çoxdan təkcə Yaman kəndinin, Krutinski rayonunun, deyil, həm də Omsk vilayətinin əlamətdar simvoluna çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3567
avatar

Vüqar İsmayılov

Oxşar yazılar