"Bu ilin may ayında ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti ötən illərin may ayı ilə müqayisədə daha çox müşahidə olunub, ildırım-dolu prosesinin miqyası və intensivliyi artıb. 2022-ci ilin may ayında 17, ötən ilin may ayında 39 dolu hadisəsi müşahidə olunduğu halda, bu ilin may ayının bugününədək 54 dolu hadisəsi qeydə alınıb. Bunun əsas səbəbi ölkəmizə soyuq hava kütlələrinin daxil olması və mürəkkəb sinoptik şəraitlə əlaqədar formalaşan kütlədaxili prosseslərdir".
Lent.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, bu ilin mayın 1-20-də ölkənin əksər bölgələrində hava 18 gün yağıntılı olub. Düşən yağıntının miqdarı Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində, eləcə də Bakıda və Abşeron yarımadasında aylıq normadan çox olub.
“Leysan xarakterli intensiv yağışlar nəticəsində çaylarda sululuq kəskin artıb, 8 sel hadisəsi qeydə alınıb. Küləkli günlərin sayı 13 olub. Havanın temperaturu ötən illərlə müqayisədə daha aşağı qeydə alınıb”.
Xidmət rəisi qeyri-sabit hava şəraitinin bölgələrdə mayın 24-dək davam edəcəyini, fasilələrlə yağıntılı, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağını, dolu düşəcəyini, şimşək çaxacağını, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalının olduğunu bildirib.
“Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur”.