Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
20 may 2024 20:15 (UTC +04:00)

Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il sentyabrın 8-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində bıçaqlanma hadisəsinin baş verməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olur.

1997-ci il təvəllüdlü Elnaz Sadıqova bıçaq xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilir. Bu barədə xəstəxanadan ərazi üzrə 3-cü Polis Şöbəsinə məlumat verilib. Qadının ağır bədən xəsarəti alması faktına görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyatdan sonra narkoz vəziyyətində olduğundan zərərçəkmişin dindirilməsi mümkün olmayıb. 
 
Polis və prokurorluq əməkdaşları tərəfindən baxış keçirilərkən müəyyən olunub ki, hadisə Nazim Quliyevə məxsus Binə qəsəbəsi, Bakavtomat yolu, dalan 3 ünvanında yerləşən ikimərtəbəli evdə baş verib. 

Hadisəni törədən Sultan Feyzullayev 1990-cı ildə Bakı şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb.


 
Sentyabrın 10-da stasionar müalicədə olan Elnaz Sadıqova xəstəxanada ölməsi ilə əlaqədar cinayət işi istintaqın davam etdirilməsindən ötrü Xəzər rayon Prokurorluğuna göndərilib. Sultan Feyzullayevin əməli Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib. 
 
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, sentyabrın 8-i saat 13 radələrində Binə qəsəbəsində, kirayə yaşadığı evdə Sultan Feyzullayev qeyri-rəsmi münasibətdə olduğu Elnaz Sadıqova ilə mübahisə edərkən, üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyyələrinə 4 dəfə zərbə vurub. Ağır yaralanan qadın 2 gündən sonra müalicə aldığı Sabunçu Tibb Mərkəzində dünyasını dəyişib.
 
Məhkəmə iclasında Sultan Feyzullayev ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərib ki, 7-8 ilə yaxındır taksi fəaliyyəti ilə məşğuldur. 2020-ci ildə müştəri kimi taksiyə əyləşmiş Elnaz Sadıqova ilə tanış olub:

Sultan Feyzullayev

“Həmin vaxtdan da onunla görüşməyə başladıq. Ərindən boşanan Elnaz bir müddətdən sonra fikrinin ciddi olmasını və mənimlə ailə qurmaq istədiyini deyəndə, ona ailəli olduğumu bildirdim. Elnazın anası Elmira Sadıqovanın razılığı ilə qızı ilə molla kəbini kəsdirdim. Qadının bütün maddi ehtiyaclarını, o cümlədən evin kirayə və digər xərclərini də ödəyirdim. Həm Elnazla, həm də rəsmi nikahda olan arvadım Pərvinlə yaşayırdım. Təxminən 2 ildən sonra Elnazın anası qızı ilə münasibətlərimi rəsmiləşdirməyimi istədi.

Elnaz mənim telefonumla arvadım Pərvinə zəng vurub, aramızda olan münasibət barədə danışdı. Buna görə də Pərvin uşağı götürərək, küsüb evdən getdi. Arvadıma Elnazla münasibətlərimi kəsəcəyimi söz verdiyim üçün, Pərvin mənə inanaraq, evə qayıtdı. Sentyabrın 7-də Elnaz zəng vuraraq, rayona getmək istədiyini və artıq mənimlə bir yerdə yaşamaq istəmədiyini söyləyəndə, buna etirazımı bildirdim. Ayın 8-də evinə gedib söhbət edəndə, Elnaz Pərvinin ünvanına nalayiq ifadələr işlətdi. Sən pozğun Pərvini saxlayarsan, mən də özüm qəşəng ailə quraram dedi. Kobud şəkildə çıxıb getməyimi tələb etdi. Bu sözlərdən sonra nə etdiyim yadımda qalmayıb. Xatırlayıram ki, üzərimdə olan bıçağı çıxarıb, qadına zərbələr endirdim. Anası içəri girəndə Elnaz çölə çıxdı, qışqıraraq qonşuluqda yaşayan Elçin Novruzovu köməyə çağırdı. 3-cü şöbədə işləyən qonşum Kamrana zəng edib, məlumat verdim”.

Elnaz Sadıqova

Sultan Feyzullayev əlavə edib ki, Elmira Sadıqovanın, guya Elnazı onun yanında bıçaqla vurması haqda ifadəsi həqiqətə uyğun deyil. Hadisə vaxtı evdə kənar şəxs olmayıb. Elnaza bıçaqla xəsarətlər yetirərkən anası küçədə, avtomobilin yanında dayanıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Elmira Sadıqova ifadəsində göstərib ki, əvvəl Sultan Feyzullayevin evli olmasını bilməyib:

“Sonradan Sultan qızıma Röya adlı xanımla evli olub boşandığını, ikinci dəfə Röyanın qohumu Pərvinlə evləndiyini bildirib. Sultan, İslam dinində çox arvad almağın heç bir problemi yoxdur, əgər Pərvin bizim nikahdan xəbər tutub səni qəbul etməsə, ondan ayrılacağam demişdi. Elnaz Sultanı çox sevirdi, əvvəl etiraz etsəm də, sonradan onların qeyri-rəsmi ər-arvad kimi yaşamaqlarına razı oldum. Sultan Elnazı mütəmadi döyürdü. Qızıma dəfələrlə səhv yolda olduğunu başa salıb ayrılmasını məsləhət görsəm də, Elnaz məni dinləmədi. Axırıncı dəfə, avqustun 25-də evdə Sultan Elnazın burnunu yumruqla vuraraq, sındırdı. Qızım polislərə hamamda yıxıldığını və şikayəti olmadığını bildirdi.

Sentyanrın 7-də Elnaz Sultana dedi ki, münasibətləri alınmır. Ona görə də, kirayə qaldıqları evi sabah yığışdırıb evi sahibinə təhvil verəcəyik. Sultan barışması üçün qızıma nə qədər yalvarsa da, o, buna əhəmiyyət verməyərək, fikrinin qəti olduğunu dedi. Ayın 8-də qızımın səsini eşidib tez içəri girəndə, onun yaralandığını, Sultanı isə oturaqlı vəziyyətdə, əlində bıçaqla gördüm. Yanımda Elnaza təpiklə zərbələr vurdu, sonra da çölə çıxdı. Sultanın avtomobili evin qarşısında qaldı. Təcili Tibbi Yardım briqadası, ardınca polis əməkdaşları gəldilər. 2 gündən sonra qızım xəstəxanada keçindi”.
 
Şahid Pərvin Feyzullayeva bildirib ki, Elnaz Sadıqovanı əri Sultan Feyzullayevlə intim münasibəti olan bir qadın kimi tanıyıb:

“Yoldaşım məndən əvvəl Röya adlı qadınla evli olub. Sultanla 5 il əvvəl ailə həyatı qurmuşuq, nikahdan 2018-ci ildə oğlan övladımız dünyaya gəldi. Elnazın mesajlarını yoldaşımın mobil telefonunda görmüşdüm. Qadın Sultanla fotoşəkillərini paylaşmışdı. Bir dəfə Elnazla görüşüb, ailəmi dağıtmamasını xahiş etsəm də, qadın Sultanın onu sevdiyini və ayrılmayacaqlarını bildirdi. Elnaz mənə qıcıqlandırıcı mesajlar göndərirdi. Telefonun yaddaşında saxladığım bir-iki ismarıcı çap edərək, müstəntiqə təqdim etmişəm. Sentyabrın 8-də evə gələn ərim Elnazı bıçaqladığını deyəndə, əvvəl ona inanmadım. Sonra o, gedib şöbəyə təslim oldu”.


 
Pərvin Feyzullayeva ilə Elnaz Sadıqova arasında qısqanclıqla bağlı yazışmalar, narazılıq və sair xarakterli SMS-lərin olması müəyyən edilib.
 
Son sözündə Sultan Feyzullayev törətdiyi əməldən çox peşman olmasını qeyd etməklə, məhkəmədən ədalətli qərar qəbul edilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanunvericiliyə uyğun olaraq təqsirləndirilən şəxsə layiqli cəza verilməsini xahiş edib.
 
Məhkəmə hesab edib ki, Sultan Feyzullayevin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsiin 126.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Sultan Feyzullayev 9 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9987
avatar

Oxşar yazılar