Xəbər verdiyimiz kimi dünən Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında, Xəzər dənizinin sahilində suiti cəsədləri tapılıb.
Lent.az-ın sorğusuna Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, tapılan cəsədlər əraziyə dəvət olunan AQTA əməkdaşlarının iştirakı ilə aktlaşdırılıb, cəsədlərdən nümunələr götürülərək AQTA-ın aidiyyatı üzrə laboratoriyasına göndərilib:
"Müvafiq olaraq laborator analizlərin nəticələri bəlli olduqdan sonra araşdırmanın nəticələri Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən mediaya təqdim olunacaq".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-ın sorğusuna bildirilib ki, Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilboyu sahədə aşkarlanan suiti qalıqlarından Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən nümünələr götürülüb:
"Laborator müayinələrin sınağı nəticəsində suitilərin ölüm səbəbi məlum olacaq. Əlaqədar qurumlarla birgə araşdırmalar aparılır".
***
14.10.25
16:51
Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında, Xəzər dənizinin sahilində suiti cəsədləri tapılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, sahilboyu ərazidə 10-dan çox suiti cəsədi müşahidə olunur.
Cəsədlərin bir hissəsi çürümüş vəziyyətdədir, bəziləri isə vəhşi heyvanlar tərəfindən parçalanıb. Ərazidə üfunətli qoxu hiss olunur.
Suitilərin cəsədləri bir neçə gündür sahildə qalsa da, hələlik məsul qurumlar tərəfindən ərazidə heç bir təmizləmə və ya araşdırma aparılmayıb.
Son illərdə Xəzər dənizinin müxtəlif sahillərində analoji hallar dəfələrlə qeydə alınıb. Mütəxəssislər bu hadisələri dəniz suyunun çirklənməsi, iqlim dəyişiklikləri, eləcə də suitilərin qida zəncirinə daxil olan toksinlərin artması ilə əlaqələndirirlər.