Bu gün Moldova ombudsmanı Aureliya Qriqoriu Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) və mətbuat nümayəndələri ilə görüş keçirib.
“Xanım Aureliya Qriqoriu bundan sonra dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquq müdafiəçisi kimi çıxış edəcək”. Lent.az-ın məlumatına görə, bunu görüşdə ATXƏM-nin sədri İlham İsmayılov deyib. O, çıxışında onu da qeyd edib ki, Moldova ombudsmanın Azərbaycanın işğal altında olan torpaqları və Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi fikirlər dünyada xristian amilindən yararlanmağa cəhd edən Ermənistan və erməni lobbisinə qarşı olan loyal münasibətin “toxunulmazlıq” statusunu zəiflədib.
A.Qriqoriuya çıxışında bildirib ki, Bakıya Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün gəlib: “ Burda olmaq şansını əldə etdiyim üçün çox xoşbəxtəm. Zalda olan insanların çoxu ilə qiyabi olsa da tanışıq. Ermənistan parlamentindəki çıxışımdan sonra yaranan çətin günlərdə Azərbaycan xalqı mənə çox dəstək verdi. Azərbaycanın Moldovadakı səfiri, ombudsmanı mənə kömək oldular. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Haqq Azərbaycanın tərəfindədir. Biz çalışmalıyıq ki, haqq öz yerini tapsın".
Tədbirin sonunda QHT forumunun sədri Rauf Zeyni ona “Tarixi İmza" mükafatını təqdim edib.
Qeyd edək ki, görüş Azərbaycan Mətbuat Şurası və Milli QHT forumu tərəfindən təşkil olunub.