Mayın 22-də 20 yaşlı şəxs kişi ilan sancması səbəbi ilə Qax rayonundan kəskin ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalixasiya olunub.
Mərkəzdən Lent.az-a verilən xəbərə görə, xəstəyə ilan zəhəri ilə zəhərlənmə, ekzotoksik şok diaqnozları qoyulub. Dərhal zəruri müalicə prosedurları başladılıb, ilan zəhəri əleyhinə zərdab vurulub.
Həyat əlamətləri kifayət qədər aşağı olan xəstəyə Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov, həkim-toksikoloqlar İnarə Ağabalayeva və Lalə İsgəndərova tərəfindən intensiv müalicə tədbirləri görülüb. Nəticədə xəstənin səhhətində müsbət dinamika müşahidə edilib. Hazırda pasiyentin vəziyyəti stabildir və həyati təhlükəsi geridə qalıb.
Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.