Namibiyada səhra aslanlarının qorunmasına verdiyi dəstəyi ilə tanınan 59 yaşlı alman iş adamı Bernd Kebbel gecə saatlarında safari düşərgəsində tualetə gedərkən aslanın hücumuna məruz qalaraq həyatını itirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 59 yaşlı alman iş adamı Bernd Kebbel həyat yoldaşı Konni və dostları ilə dəbdəbəli safari düşərgəsində qalırdı. Gecə saatlarında tualetdən istifadə etmək üçün maşınının üstünə qurulan çadırdan çıxan Kebbel ətrafda dolaşan şirin hədəfinə düşüb. Hücum zamanı ağır yaralanan Kebbel boynundan aldığı dişləmə yarasından hadisə yerində dünyasını dəyişib.
Namibiyanın Ətraf mühit, meşəçilik və turizm nazirliyinin sözçüsü Ndeshipanda Hamunyela verdiyi açıqlamada deyib: "Təəssüf ki, cənab Kebbelin həyatını itirdiyini kədərlə təsdiqləyə bilərik".
Namibiya polisinin sözçüsü İmmanuel İiduva, digər düşərgəçilərin şiri uzaqlaşdırmağa çalışdıqlarını, lakin Kebbelin ölümcül xəsarətləri səbəbindən xilas edilə bilmədiyini söyləyib. Kebbel Namibiyada səhra aslanlarının qorunmasına verdiyi maliyyə töhfələri ilə tanınırdı.