Jurnalistin anası nədən ölüb? Hospitaldan AÇIQLAMA  - YENİLƏNİB
19 mart 2024 16:34 (UTC +04:00)

Jurnalistin anası nədən ölüb? Hospitaldan AÇIQLAMA - YENİLƏNİB

"Stimul Hospital" jurnalist Fərahim İlqaroğlunun anasının vəfatı ilə bağlı açıqlama yayıb. 

Hospitaldan Lent.az-a daxil olan açıqlamada deyilir: 

“1967-ci il təvəllüdlü Bahar Qasımova martın 3-də ürək bulanma, tək-tək qusma, göbək altı nahiyədə ağrılar, arıqlama şikayətləri ilə hospitala müraciət edib. Xəstə martın 9-da “İstanbul NS Kilinikası”nda qastrofibroskapiya müayinəsindən keçib. Martın 11-dən başlayaraq ayın 18-dək xəstəyə ambulator şəraitdə antianemik müalicə tətbiq edilib və sistemlər vurulub. Xəstədə hər hansı əks təsir müşahidə olunmayıb. Martın 18-də sistem köçürülən zaman xəstənin vəziyyəti qəfil pisləşib. Dərhal ona süni nəfəs verilib və ürəyi masaj edilib. Yarım saatdan çox aparılan tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbi təyin olunmuş ekspertiza nəticəsində müəyyən olunacaq. 

Hospitalın kollektivi xəstənin yaxınlarına dərin hüznlə başsağlığı verir.”

***

saat 12:02

Xəbər verildiyi kimi, Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib. 

Lent.az xəbər verir ki, jurnalist anasının həkim məsuliyyətsizliyinin qurbanı olduğunu açıqlayıb.

O bildirib ki, klinikanın tibb bacısı Mələk Abbasova anasını yoxlamadan ona sistem köçürüb:

""Stimul Hospital" cəlladları anamı öldürdülər!!! Dünən, bu gün heç bir problemi olmayan anama klinikada sistem vurublar. Elə oradaca keçinib. Tibb bacısı Mələk Abbasova yoxlamadan etmədən sistem köçürüb. Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil. Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi məsuliyyətdən boyun qaçırmaq üçün təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə keçinən anamı tez reanimaisya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı M. Abbasova özü mənə dedi ki, sistemin altında keçinib".

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

# 4764
avatar

Oxşar yazılar