“İsgəndər dedi ki, mənim barəmdə cinsi azlıq şayiələri yayılır” - Rəşad Dağlının  İFADƏSİ
09 iyun 2023 18:18 (UTC +04:00)

“İsgəndər dedi ki, mənim barəmdə cinsi azlıq şayiələri yayılır” - Rəşad Dağlının İFADƏSİ

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində olan şəxsin əsgərlikdə olduğu üçün onun istintaqdakı ifadəsi elan edilib.

Qeyd edək ki, həmin şahid Rəşad Əmirovun hadisəni törətdiyi bıçağı aldığı mağazanın satıcısıdır.

Satıcının ifadəsində deyilir:

“Rəşad dağlını ancaq televiziyalarda görmüşəm. Şəxsi tanışlığım yoxdur. Hadisədən öncə mağazaya gəldi və böyük bıçaqlardan seçdi. Bununla yanaşı, 2 qutu siqaret də aldı. Bıçağın görünüşünü xatırlamıram. Rəşad tək idi. Mağazanı tərk edib, qara rəngli "Niva"ya minib getdi. Hadisənin baş verməsini isə televiziyadan eşitdim”.

Daha sonra hakim Rəşad Əmirovdan ifadə verməsini istəyib

Rəşad Dağlı istintaqda verdiyi ifadəsini təsdiqlədiyini bildirdi və yadında qaldıqlarını danışacağını dedi:

“İsgəndər qardaşıma dəfələrlə zəng vururdu. Bir neçə gün sonra mən ona zəng elədim. Mənə dedi ki, sənin barəndə söz-söhbət gəzir. Dedim ki, kim danışırsa, məni onlarla görüşdür aydınlaşdıraq. İsgəndər görüşdürmədi. Dedi ki, bunu etmisənsə, bədəlini də ödəməlisən. 6 min manata məsələni bağlaya bilərəm dedi. Nə dediyini anlamadım. 

5-6 gün telefonum bağlı qaldı. Telefonumu açanda İsgəndərin mesajlarını gördüm. Zəng edib danışdım. Dedi ki, görüşək və əli dolu gəl. Mən də bıçaq alıb getdim görüşə”.

Rəşad Dağlının sözlərinə görə, ona deyilən nalayiq sözlər cinsi azlıqla bağlı olub:

“İsgəndər dedi ki, mənim barəmdə cinsi azlıq deyilir. Məcbur etdim ki, o sözləri deyən şəxslərlə görüşdürsün məni görüşdürmədi. İsgəndər deyirdi ki, bunun bədəli pul verməkdi. 3 mini özü tapıb 3 min də məndən istəyirdi. Dediyi şəxslərlə görüşdürməməsindən şüpələnmişdim. Başa düşdüm ki, pulu özünə görə istəyir. 

Həmin gecə də görüşə gedəndə söyənlərlə qarşılaşacağımı düşünürdüm. Amma elə olmadı. İsgəndər maşında bıçağı götürüb mənə tərəf gələndə onun əlindən alıb bıçaqladım. Şokda idim artıq. Nə etdiyimi bilmirdim. Onu maşından yerə düşürdüb, özüm gedib polisə təslim oldum”. 

O bildirib ki, İsgəndəri öldürməsinə onu söyməsi səbəb olub:

“Mən İsgəndərlə görüşüb başqa adamın üstünə gedəcəkdik. Belə hadisənin olacağına hazırlıqlı deyildim”.

Şahidlərdən biri məhkəməyə gəlmədiyi üçün onun ifadəsi elan olunmuş hesab edildi.

Məhkəmənin növbəti iclası iyulun 7-ə təyin edilib.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

# 8655
avatar

Fidan İlqar

Oxşar yazılar