DTX-nın saxladığı hakerə HÖKM OXUNDU
03 iyun 2025 15:43 (UTC +04:00)

DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda, kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə təqsirləndirilən “Zeromap” MMC-in icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Tural Əliyevin vəkili məhkəmədən onun etirafedici ifadələrini, evli olduğunu, dövlət əhəmiyyətli işlərdə iştirak etməsini nəzərə almağı, barəsində ədalətli qərar çıxarmasını, həbslə bağlı olmayan cəza verilməsini istəyib.

Son sözlə çıxış edən Tural Əliyev məhkəmədən ədalətli qərar verilməsini istəyib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirə edib.

Müşavirədən qayıdan hakim hökmü elan edib.

Hökmə əsasən, təqsirləndirilən Tural Əliyev 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki, eləcə də hüquqi şəxslərin mobil telefonlarına, həmçinin kompüter sistemlərinə müdaxilə edib.

Bundan əlavə, Tural kiberhücumlar nəticəsində xarici şirkətlərin hamıya açıq olmayan məlumatlarına da giriş əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1028

Oxşar yazılar