Sərhəddə ələ keçirilən narkotiklər
30 sentyabr 2021 16:34 (UTC +04:00)

Sərhəddə ələ keçirilən narkotiklər

28 kilo narkotik və odlu silahın İrandan gətirilməsinin qarşısı alındı

Sentyabr ayı ərzində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təx­mini çəkisi 28 kiloqram 240 qram narkotik vasitəyə, 1620 ədəd psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələrin, eləcə də silah-sursatın döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Qurumun mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Biləsuvar şəhəri, sentyabrın 15-də Cəbrayıl rayonunun Əmirvarlı və Cəlilabad rayonunun Kövüzbulaq kəndləri istiqamətində dövlət sərhədinin yaxınlığında ümumi çəkisi 18140qram narkotik vasitəyə bənzər maddələr (15515 qram “heroin”, 375 qram “marixuana”, 310 qram “metamfetamin” və 2300 qram növü bilinməyən dərman) aşkarlanaraq götürülüb.

Sentyabr ayının 30-da saat 3:40-də Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əlində bağlama ilə hərərkət edən bir nəfər şübhəli şəxs saxlanılıb.

Araşdırma zamanı qeyd olunan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini 45 yaşlı Ağayev Asif Ağacəfər oğlu olması müəyyən­ləşdirilmiş, onun əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 10100 qram narkotik vasitəyə bənzər maddələr (9100 qram “heroin”, 300 qram “metamfetamin”, 700 qram “marixuana” və 1620 ədəd güclü təsirli dərman preparatları), 1 ədəd 9 mm kalibrli “AKREP 2004 magnum” markalı tapança, 1 ədəd güllə darağı və 2 ədəd güllə aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 1422
avatar

Mehman Nəbiyev

Oxşar yazılar