Tovuzda əsgərin döyülməsi barədə xəbərlərə rəsmi reaksiya verildi
08 iyul 2009 16:00 (UTC +04:00)

Tovuzda əsgərin döyülməsi barədə xəbərlərə rəsmi reaksiya verildi

Müdafiə Nazirliyi (MN) və Respublika Hərbi Prokurorluğu (HP) Tovuz rayonundakı N saylı hərbi hissənin əsgəri Samir Tahir oğlu Mustafayev mətbuatda yer alan xəbərlər barədə məlumat yayıb.

MN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, «Azadlıq» qəzetinin 4 iyul 2009-cu il tarixli sayında dərc edilən yazı təhrif edilmiş formada – əsgərin atası Tahir Mustafayevin mülahizələrinə əsaslanaraq qələmə alınıb. Vəziyyət əslində belə olub: Samir Mustafayev aprelin 17-də hərbi hissəyə qəbul olunarkən aparılan tibbi yoxlama zamanı baş və ürək ağrılarından şikayət edib. O, hospitala göndərilib və 15 gün müddətində «kəskin respirator xəstəlik» diaqnozu ilə müalicə olunub.
İyun ayının 14-də S.Mustafayevin yanına gələn valideynləri ona bacısının toyu olacağını deyərək Samiri özləri ilə aparmaq istəyiblər. Lakin onların diqqətinə çatdırılıb ki, gənc əsgər olduğu üçün ona yalnız ailə vəziyyəti ilə əlaqədar məzuniyyət verilə bilər və bunun üçün də təsdiqedici sənəd lazımdır. S.Mustafayev yoldaşlarına bildirib ki, necə olursa-olsun, bacısının toyunda iştirak edəcək.

Əks təqdirdə özünə qəsd edəcəyini və nizamnamədənkənar digər addımlar atacağını söyləyib. Beləliklə, yeməkxanada növbədə olan zaman əsgər S.Mustafayevə yeməkxana növbətçisinin köməkçisi kiçik çavuş Davud Mahmudov tapşırığı yerinə yetirmədiyinə görə irad tutarkən əvəzində çavuşa yumruq və təpiklə zərbələr endirib. Bundan sonra onlar arasında dava düşüb. Həmin gün əsgərlər növbəni qurtardıqdan sonra bölüyə qayıdıblar. S.Mustafayev isə ayaqyoluna getmək adı ilə bölükdən çıxıb və ülgüclə hər iki qolunu bilək nahiyəsindən kəsərək özünə xəsarət yetirib.
İyunun 24-də isə saat 09.00 radələrində tibb xidməti kapitanı Elşad Abbasov xəstələri müayinə edərkən əsgər S.Mustafayevdən səhhətində hər-hansı problemin olub-olmadığını soruşarkən heç bir cavab verməyib və yerdən daş götürərək kapitan Abbasovun çiyninə xəsarət yetirib. Bundan sonra, əsgər S.Mustafayev hərbi hissə komandirinin yanına aparılıb və nəyə görə belə hərəkət etdiyi öyrənilərkən yenə heç bir cavab verməyib. Həmin gün əsgər S.Mustafayevin təkrar müayinə üçün hospitala göndərilməsi barədə göstəriş verilib.
Bu hadisədən sonra S.Mustafayev yenə özünə qəsd etmək istəyib və bu barədə hərbi hissə rəhbərliyi dərhal məlumatlandırılıb. Samirlə söhbət etmək üçün onu qərargahdakı hüquqşünasın otağına aparmaq istəyiblər. Bölük komandirinin otağından çıxan kimi o, kazarmanın daxilindəki 2-ci mərtəbənin pilləkənlərindən tullanaraq arxası üstə 1-ci mərtəbəyə düşüb. Həmin vaxt xəsarət almayıb, qərargah hüquqşünasının iş otağına girən kimi isə özünü pəncərədən atıb. O, əvvəl pəncərənin altında quraşdırılmış çardağa düşüb, sonra isə oradan özünü başıaşağı yerə tullayıb.
Nəticədə əsgər S.Mustafayev qapalı kəllə-beyin travması, alın nahiyəsinin, sol qaş nahiyəsinin, körpücük sümüyünün çapılmış-sıyrılmış yarası, sol bazu və saidin kəsilmiş yaraları xəsarəti ilə Mərkəzi Hərbi Klinik Hospitala köçürülüb.
Hazırda Qazax hərbi prokurorluğunda həm S.Mustafayev tərəfindən törədilmiş qeyri-qanuni hərəkətlər, həm də onun atası T.Mustafayevin ərizəsində göstərdiyi xüsusatlar, o cümlədən S.Mustafayevin hərbi xidmət dövründə qeyri-adi davranışı nəzərə alınmaqla, hərbi xidmətə çağırılarkən və indi xidmətə yararlı olub-olmaması xüsusatları üzrə araşdırma davam etdirilir.
Obyektiv, hərtərəfli araşdırma aparmaqla, bütün xüsusatlara ədalətli hüquqi qiymət verilməsi təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar