Məhkəmə sədri cəzalandırılıb
04 may 2009 15:30 (UTC +04:00)

Məhkəmə sədri cəzalandırılıb

Fəaliyyətində ciddi qanun pozuntuları və digər nöqsanlara yol verən 3 hakim barədə isə intizam icraatları başlanılıb

Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib.


MHŞ-dan Lent.az-a bildirilib ki, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilib.


Qeyd olunub ki, dövlət başçısı İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin Avropada ən mütərəqqi qaydalarla seçilməsi qaydası müəyyənləşdirilib. Ötən il hakimliyə namizədlərin növbəti seçim prosesinə başlanılıb, 4 ay davam edən sənəd qəbulu nəticəsində 440-dək hüquqşünas namizədliyini irəli sürüb, onların imtahanlara hazırlaşmalarına kömək məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən təcrübəli mütəxəssislərin iştirakı ilə müvafiq kurslar təşkil edilib.


Eyni zamanda “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası” hazırlanaraq namizədlərə təqdim olunub, kitabçaya hakimlərin seçilməsi qaydası, suallara dair məlumat, hakimliyə namizədin imtahanqabağı və imtahan zamanı vəzifələri, imtahan prosedurları, qanunların öyrənilməsi məqsədilə tövsiyələr, sual nümunələri və məsləhətlər daxil edilib.


Hakimliyə namizədlərlə test imtahanı may ayının 7-də, şəffaf prosedurlar əsasında, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə, bütün namizədlər üçün vahid auditoriyada – Bakı İdman Sarayında keçiriləcək. İmtahan prosesinin bütün mərhələləri – sualların seçilməsi, test sualları kitabçasının çap edilməsi, cavabların təxirəsalınmadan yoxlanılması bilavasitə imtahan keçirilən auditoriyada namizədlərin qarşısında olacaq.


İclasda məhkəmələrin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə bəzi vakant hakim vəzifələrinin komplektləşdirilməsi ehtiyacı qeyd edilib, müvafiq kadr məsələlərinə baxılıb. Həmçinin, iclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, fəaliyyətində ciddi qanun pozuntuları və digər nöqsanlara yol verdiyinə görə İbrahim Fəttahovun Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin sədri vəzifəsindən başqa işə keçirilməsi haqqında qərar qəbul edilib, qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 3 hakim barədə intizam icraatları başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823

Oxşar yazılar