Fərda Qədirovun atası cəsədə baxış zamanı oğlunu tanıyıb
02 may 2009 11:00 (UTC +04:00)

Fərda Qədirovun atası cəsədə baxış zamanı oğlunu tanıyıb

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) binasına silahlı basqın etmiş Fərda Qədirovun atası Əsəd Qədirov oğlunu tanıyıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Ə. Qədirov Rusiyadan ötən gün Bakı şəhərinə gətirilib. O, istintaq tərəfindən dindirildikdən sonra bu gün səhər saatlarında F. Qədirovun meyitinin saxlanıldığı Nəsimi rayon Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə aparılıb. Meyitə baxış zamanı Ə. Qədirov onun həqiqətən də oğlu olduğunu təsdiqləyib. Məlumatda həmçinin istintaq qrupunun F. Qədirovun meyitinin ailəsinə təhvil verilməsinə razılıq verdiyi bildirilir.

Azərbaycan Dövlət Neft Akademiyasında aprelin 30-da baş vermiş hadisə ilə əlaqədar saxlanılan Nadir Şirxan oğlu Əliyevin bibisi qızı Sədaqət xanım isə APA-ya açıqlamasında N. Əliyevin məlum terror hadisəsi ilə heç bir bağlılığının olmadığını bildirib: “Nadir akademiyanın yaxınlığında dönər bişirilən yerdə işləyirdi. Hadisəni törətməkdə ittiham olunan Fərda Qədirovla onun əlaqəsi haqda isə heç nə bilmirəm. Ola bilər ki, kəndçi kimi bir-birini tanısınlar. Yəqin ki, istintaq hər şeyi ortaya çıxacaq. Nadirin bu hadisəyə aidiyyəti olduğuna inanmıram. Ümumiyyətlə, baş verənlər barədə mətbuatdan, televiziyadan xəbər tuturuq”. O, N. Əliyevin harada saxlanılması barədə də məlumatsız olduğunu söyləyib.

Qeyd edək ki, aprelin 30-u saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən “Qaz-neft-mədən” və “Neft mexanikası” fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni tərdən şəxs sonra özünü vurub. Onun üstündən Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi aşkar olunub.

Artıq hadisə ilə bağlı F. Qədirovun həmyerlisi Nadir Şirxan oğlu Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı hadisə ilə əlaqədar Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir.

Cinayət işinin istintaqı Azərbaycan prezidentinin nəzarəti altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949

Oxşar yazılar