Azərbaycanda 5000 il yaşı olan yaşayış məskəni tapıldı!
24 noyabr 2012 14:33 (UTC +04:00)

Azərbaycanda 5000 il yaşı olan yaşayış məskəni tapıldı!

Xaçmaz rayonunun Mollaburhan kəndi ərazisində e.ə III minilliyə aid yaşayış məskəni aşkarlanıb.

Ərazisi 22300 kv/metr olan arxeoloji abidə iki təbəqədən ibarətdir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Döyüş Musayev APA-nın şimal bürosuna bildirib ki, tarixi abidə 2 qatdan ibarətdir. Onun sözlərinə görə, I mədəni təbəqə təxminən IX-XII əsrlərə - Monqolların Azərbaycana gəlişinə qədərki dövrü əhatə edir.

II mədəni təbəqə isə Kür-Araz mədəniyyətinə, erkən tunc dövrünə - e.ə III minilliyə aid edilir.

“Qazıntılar zamanı aşkara çıxarılan tikinti qalıqları nəticəsində müəyyən edilib ki, burada evlər dövrə uyğun olaraq çiy kərpicdən, 5-6 m diametrdə dairəvi formada inşa edilib. Evlər çubuqlarla toxunaraq suvanıb. Ərazidən tapılmış maddi-mədəni nümunələr arasında çay daşından hazırlanmış əmək alətləri, şirsiz küp və qab qalıqları, heyvan sümükləri çoxluq təşkil edir.

Bu dövrün mədəniyyəti üçün xarakterik cəhətlərdən biri də yaşayış yerlərindən əldə edilən silahlardır ki, bu da burada yaşamış tayfalarının döyüşkənliyindən xəbər verir. Təpədə iki dairəvi daş toppuz aşkarlanıb. Əldə edilən və öz orjinallığı ilə diqqəti cəlb edən vaza və küp bu qədim yaşayış yerinin sakinlərinin əkinçilik və maldarlıqla məşğul olduqlarını sübuta yetirir”, - deyə D. Musayev bildirib.

Arxeoloji tədqiqatlar davam etdiriləcək.

Qeyd edək ki, Xaçmaz rayonunda 62 tarixi abidə qeydiyyatdadır.

“Mollaburhan təpələri” Xaçmaz rayonu ərazisində aşkar edilən ən böyük tarixi abidədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4048

Oxşar yazılar