Pakistanda uzun müddətdir davam edən enerji problemi daha da böyüyüb. Lent.az-a daxil olan məlumata görə, ölkənin sənaye mərkəzi Kəraçidə, həmçinin 90 milyon əhalisi olan Pəncab əyalətində minlərlə istehsal müəssisəsi işini dayandırıb, yüz minlərlə insan işsiz qalıb. Bu amil ölkənin ictimai təhlükəsizliyinə də ciddi zərbə vurub. Kütləvi ixtişaşlar nəticəsində onlarla insan həlak olub.
Bu arada ölkədə havanın hərarətinin artması və artıq bəzi yerlərdə 35-38 dərəcəyə çatması (yay aylarında 46-50 dərəcəyə çatır) enerji problemini daha da kəskinləşdirib. Məlumata görə, Pakistanda elektrik enerjisi kənd yerlərində sutka ərzində 22, şəhərlərdə isə 18 saat kəsilir.
Məlumatda bildirilir ki, Pakistanın elektrik enerjisi əsasən istilik elektrik stansiyalarda istehsal olunur ki, onların tam gücü ilə işləməsi də mazut və təbii qazın vaxtında idxalı ilə bağlıdır. İndi gündəlik idxal olunan neftin həcmi lazım olan 25000 tondan 16000 tona düşüb. Bir sözlə, ölkə iflic vəziyyətindədir.